Məhkəmə qərarları › İş №3(003)-581/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-581/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-581/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Astara rayonu Şuvi Ərazi Dairəsi Siyətük kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə Sovxoz YYM-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, xx.xx.2024-ci il tarixdə təxminən saat 17:05-də Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, sürücü X2 idarə etdiyi “Vaz 21061” markalı **-HL-*** dövlət qeydiyyat nişalı avtomobil ilə sürücü Şəxs idarə etdiyi “Kia” markalı **-NH-*** gövlət qeydiyyat nişalı avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Vaz 21061” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cü hissəsinin tələblərini pozmaqla, eyni zamanda baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Kia” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-cü hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsi baş vermişdir, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Vaz 21061” markalı avtomobilin sərnişini X3 yüngül dərəcəli bədən xəsarətləri almşdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı Ramil Əsgərov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 15 mart 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs ərizə ilə müraciət edərək orada bildirmişdir ki, o, özünə məxsus **-NH-*** dövlət nömrə nişanlı “KİA Rio” markalı nəqliyyat vasitəsi ilə Xəzər rayon Binə qəsəbəsi ərazisində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən **-HL-*** dövlət nömrə nişanlı “Vaz 21061” nəqliyyat vasitəsi qəfildən onun yoluna daxil olmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Araşdırma nəticəsində guya onun əməlində AR İXM 327.8-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişir. Onun əməlində AR İXM 327.8-ci maddəsinin tərkib əlamətləri yoxdur. O, Binə qəsəbəsinə daxil olarkən Binə qəsəbəsi istiqmətindən gələn nəqliyyat vasitəsi geri dönmə əməliyyatı ədərkən onu gözləməli olduğu halda onu gözləmədən onun hərəkət istiqamətimə çıxdı. O, onun çıxmasını gözləmirdi, lakin o digər yola çıxmadan yolun boş olmasını əmin olduqdan sonra çıxmalı idi. Hadisənin qarşısını almaq imkanı olmadığından tormoz məsafəsinin 2 metr olduğundan hadisənin qarşısını almaq imkanı olmamışdır. O, hadisə yerindən uzaqlaşmamış, özü DİN-in 102 xidmətinə zəng etmişdir. Ekspert qarşısında qoyulan suallarla onu tanış etmədilər, onun hadisənin qarşısın almaq imkanının olub-olmaması tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İş üzrə ekspertiza təyin olunmuş və ona həmin rəylə tanış olmağa nə imkan yaradılmış, nə də münasibəti nəzərə alınmışdır. Hadisə yerində iki ədəd TŞ 7 208 və TŞ 7 068 nömrəli kameralar vardır, o, kameraların görüntülərinin çıxarılmasını, işə əlavə edilməsini tələb etsə də təhqiqatçı onu təmin etmədi. Əgər həmin görüntülər işə əlavə edilsəydi hadisədə onun təqsirli olmadığı sübut olunacaqdı. Təhqiqatçı da bunu bildiyindən onları işə əlavə etməmişdir. Ona gərə də hesab edir ki, barəsində tərtib olunmuş protokol və onun əsasında tərtib edilmiş qərar qanunsuzdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, qarşı tərəfdə hər hansı xəsarət olmamışdır. Əksinə digər şəxs onun yoluna çıxmışdır. Polis əməkdaşları onun yox, digər şəxsin təqsirli olmasını ona şifahi olaraq bildirmişdir. Qəza qarşı tərəfin səhvi ucbatından olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş 13 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş və onların barəsində inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nin 14 dekabr 2024-cü il tarixli 1498 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2025-ci il tarixli 8/26 saylı rəyindən görünür ki, “VAZ-21061” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.9-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Kia Rio” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafıq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar