Məhkəmə qərarları › İş №3(003)-587/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-587/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-587/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Lerik rayonunun Pirasora kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, inzibati ərazidə xidmətdə olarkən müəyyən etmişdir ki, Şəxs işlətdiyi “Ruzi” marketin qarşısında mallar yığmış və qanunsuz küçə satışı ilə məşğul olur. Mağazaya yaxınlaşmış, Şəxs çölə yığdığı malları göstərmiş və bu halın inzibati xəta olmasını və 80 manat cərimə nəzərdə tutulmasını bildirmiş və həmin malların mağazanın içərisinə yığmasını məsləhət görmüşdür. Bundan sonra Şəxs əsəbləşərək anidən qışqırmağa başlamamış və “sən kimsən, sən mənim barəmdə tədbir görə bilməzsən, get başqa ərazilərdə küçə ticarətlərini yığışdır, ondan sonra gələrsən səninlə söhbət edərəm” sözlərini demişdir. Ona etdiyi hərəkətlərin qanunsuz olduğunu bildirərək, polis əməkdaşına qarşı hörmətsizlik etdiyini bildirmiş və ətrafa başqa şəxslərin yığışdığını görüb ərazidə xidmətdə olan X8 əməkdaşlarını çağırmışdır. X8 əməkdaşları gələndən sonra Şəxs avtomobilə əyləşməsini və barəsində tədbir görüləcəyini bildirmişdir. Bundan sonra Şəxs yüksək səslə qışqırmağa başlamış, onun yaxasından tutmuşdur. Çevik əməkdaşları da onu nizam-intizama dəvət etmişlər, lakin o sakitləşməmişdir. Onun hərəkəti artıq başqa ciddi hadisəyə səbəb ola biləcəyini görüb, Şəxs məcbur olaraq avtomobilə əyləşdirməyə çalışmışlar, lakin o, öz hərəkətlərini davam etdirmiş polis avtomobilə müxtəlif hərəkətlərlə əyləşmək istəməmiş, orada olan digər şəxslə birlikdə tabesizlik törətmişdir. Daha sonra məcburi qaydada onu polis avtomobilə əyləşdirmişlər və X8 əməkdaşları onu polis şöbəsinə gətirmiş, özü isə öz avtomobilində digər şəxsi polis şöbəsinə gətirmişdir. Həmçinin bildirdi ki, polis şöbəsinə gətirildikdən sonra Şəxs barəsində qanunsuz küçə ticarəti ilə məşğul olması barədə protokol tətib edilmiş, yerində isə özünü təqdim etmədiyindən protokol tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, işlətdiyi mağaza 15 gündür ki, fəaliyyət göstərir, ərzaq mağazasıdır. Hadisədən 3-4 gün əvvəl post-patrul nəfəri mağazaya yaxınlaşaraq küçəyə mal qoyduğunu və buna görə hər ay onlara ödəniş etməli olduğunu bildirmişdir. O, isə əgər hər hansı bir qaydanı pozmuşdursa cərimə edə bilmələrini söyləmiş və özünü təqdim etmişdir. Bu gün isə sahə rəisi polis mayoru X2 mağazaya yaxınlaşmış və onu çölə çağırmış, küçəyə malların yığılmasının qadağan olduğunu bildirmiş və dərhal içəri yığılmasını tələb etmişdir. Ondan özünün təqdim edilməsi və ya barəsində protokol tərtib ediləcəyi barədə isə heç nə bildirməmişdir. Bundan sonra sovxozda digər küçə ticarətlərin olması ilə bağlı soruşmuş, sahə rəisi həmin məsələlərin ona aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra o, əsəbi olduğun görə malların içəri yığmayacağını və cərimə edilməsini söyləmişdir. Bundan sonra ona avtomobilə əyləşməsini və bölməyə gedəcəyini demişdir. O isə avtomobilə əyləşməyəcəyini və bölməyə getməyəcəyini söyləmişdir. Ona görə polis əməkdaşları onun üzərinə gəlmişlər, onu dartmağa başlamışlar. Sahə rəisi hətta onun köynəyini cırmışdır. Sahə rəisi avtomobilin içərisindən onun köynəyindən tutub dartmış, digər iki nəfər polis əməkdaşı isə arxadan itələmişdir. Bu zaman özünü pis etdiyindən onun sıxışdırmamalarını, boşluq yaratmalarını və onlarla gedəcəyini bildirmişdir. Bundan sonra 5-10 dəqiqə fasilə olmuş və sonra polis şöbəsinə getmişlər. İzahatında həmçinin bildirmişdir ki, barəsində protokol tərtib edilməsi barədə ona heçnə deyilməmiş, birbaşa maşına oturması söylənmişdir. Polis şöbəsində küçə ticarəti ilə bağlı protokolun tərtib edilməsi ona deyilməmiş, sadəcə sənədlər imzalatdırılmışdır. Hadisəyə qonşu mağazada işləyən şəxslər şahid olmuşdur. Hadisə zamanı yanında əmisi oğlu İslam Cəfərov olmuş, onu polis şöbəsinə aparmaq üçün zorla maşına əyləşdirmək istəyəndə müdaxilə etmişdir. Əmisi oğlu ilə birlikdə işləyir, hadisə zamanı orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlahiddə X8 Patrul bölüyünün polis nəfəri, polis serjantı X6 ifadəsində bildirdi ki, hadisənin baş verdiyi yaxın ərazidə xidmətdə olarkən sahə rəisi Bəhruz Qurbanov onları çağırmışdır. Hadisə yerində yaxınlaşdıqda Şəxs sahə rəisi Bəhruz Qurbanovla yüksək səslə danışdığını görmüşlər, məsələ ilə bağlı sahə rəisindən soruşduqda, sahə rəisi Bəhruz Qurbanov vətəndaşın özünü təqdim etmədiyini, küçəyə yığdığı malların mağazanın içərisinə daşımasından imtina etdiyini bildirmişdir. Onlar Şəxs sakitləşməsini söyləmişlər. Sahə rəisi Bəhruz Qurbanov onun şöbəsin təmin edilməli olduğunu bildirdikdə, Şəxs Bəhruz Qurbanova yaxınlaşaraq yaxasından tutmuş arxaya çəkmişdir. O da Bəhruz Qurbanova köməklik etmək üçün Şəxs əlindən tutmuş, mağazanın içərisinə daxil olmasını, sakitləşməsini söyləmişdir. Bu hadisəni görən şəxslər ətrafa yığışmağa başlamışlar. Şəxs sakitləşmədiyindən məcbur olaraq məcburi qaydada avtomobilə əyləşdirmişlər və polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirdikdən sonra onun Şəxs olduğu müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, sahə rəisi Bəhruz Qurbanov malların küçədən yığışdırmasını söylədikdə, Şəxs ona “get burdan aşağıda Binədə küçədə olan malları yığışdır, buranı mən yığışdırmıram” demişdir. Şəxs söyüş söydüyünü eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlahiddə X8 Patrul bölüyünün polis nəfəri, polis serjantı X5 ifadəsində bildirdi ki, Şəxs işlətdiyi mağazanın yaxınlığında olan ərazidə xidmətdə olan zaman sahə rəisi Bəhruz Qurbanovun çağırışı əsasında hadisə yerinə yaxınlaşmışlar və yaxınlaşdıqda Şəxs sahə rəisi Bəhruz Qurbanovun göstərişlərinə tabe olmadığını görmüşlər. Çölə yığılmış malların içəriyə yığılması ilə bağlı sahə rəisinin göstərişlərinə əməl etmədiyini görmüşlər və Şəxs sahə rəisi Bəhruz Qurbanova “gedin Binə sovxozda nə qədər küçə ticarəti varsa hamısını yığışdırın, sonra gəlib ona yaxınlaşaq” bildirmişdir. Bundan sonra onu bölməyə dəvət etmişlər, Şəxs onlaraq qarşı müqavimət göstərmiş, ona görə fiziki qüvvə ilə maşına əyləşdirmişlər. Həmçinin bildirdi ki, sahə rəisi onu bölməyə dəvət etdiyindən Şəxs sahə rəisinin yaxasından tutaraq köməyə adam çağırmağa başlamışdır. Həmçinin onun özünü də arxadan əmisi oğlu əllə tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Şəxs onun qardaşıdır və onun işlətdiyi mağazada özü əvvəllər satıcı işləmişdir. Həmin dövrdə soyuducular, müxtəlif tərəvəzlər, bütün kənd təsərrüfatı malları küçədə satılmışdır. Hadisə zamanı işdən gələrkən mağazaya yaxınlaşmış, alış-veriş etmişdir. Bu zaman sahə rəisi Bəhruz gəlmiş söhbət etmişlər. Bəhruz əvvəllər aralarında hörmət olduğunu bildirdikdə, o hazırda mağazanı qardaşı işlətdiyini, onunla söhbət etməsini bildirmiş və çölə çıxmış, aldığı malları maşına yerləşdirməyə başlamışdır. Bir müddətdən sonra görmüşdür ki, Bəhruz ilə qardaşı əsəbləşmişlər və hər iki yüksək səslə danışırlar. Bu zaman Bəhruza yaxınlaşaraq onu uzun müddət tanıdığını və mehribanlıqla yoluna qoyulmasını xahiş etmişdir. Bəhruz isə qardaşı tərəfindən ona hörmətsizlik edildiyini bildirmişdir. Bundan sonra hadisə baş vermişdir. Həmçinin bildirdi ki, Bəhruzla qardaşı mağazadan çölə çıxararaq çöldə söhbət etmişlər, aralarında olan söhbət isə küçəyə yığılmış mallarla bağlı olmuşdur. Bəhruz qardaşına olan malların içəriyə yığılmasını demiş, qardaşı isə qarşıdakı olan mağaza küçəyə yığdığı malları içəriyə yığsın, ondan sonra o da malların içəriyə yığılmasına razı olar demişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində “Ruzi” marketin qarşısında ünvanlarına təhqiramiz söyüşlər söyərək qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. -xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə icarə əsasında işlətdiyi “Ruzi” marketin qarşısında qanunsuz küçə ticarət ilə məşğul olmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. -xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinin tələblərini pozması səbəbindən 80 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında və proses iştirakçılarının, şahid ifadələrinin məhkəmə iclasında verdiyi izahatlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi inzibati xətanın yaranması üçün şəxsin əməlində ictimai qaydanı pozulması halının olması vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcud deyil. Belə ki, işin hallarından müəyyən edilir ki, Şəxs polis əməkdaşının xəbərdarlığına əməl etməyərək fəaliyyət göstərdiyi Binə qəsəbəsində yerləşən mağazanın qarşısına yerləşdirdiyi malların mağazanın daxilinə qoyulmasından imtina etmiş, daha sonra isə şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunsuz küçə ticarəti ilə məşğul olması barədə müvafiq protokol tərtib edilməsi üçün polis şöbəsinə getməsi barədə polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək onlarla birlikdə polis şöbəsinə getməkdən imtina edərək müqavimət göstərmişdir. Eyni zamanda Şəxs tərəfindən təhqiredici ifadələrin işlədilməsi və ya digər hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan hallara yol verməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməməklə, məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Yuxarıda qeyd edildiyi kimi, işin hallarından müəyyən olunur ki, Şəxs şəxsiyyəti barəsində məlumatların verilməsindən imtina etdiyi üçün hadisə yerində barəsində AR İXM-in müvafiq maddəsi ilə inzibati protokolun tərtib olunması mümkün olmamış, bundan sonra şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunsuz küçə ticarəti ilə məşğul olması barədə müvafiq protokol tərtib edilməsi üçün polis şöbəsinə getməsi barədə ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək onlarla birlikdə polis şöbəsinə getməkdən imtina edərək müqavimət göstərmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 1 azyaşlı uşağının olmasını iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar