Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-591/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında 18 mart 2024-cü il tarixdə MN seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs torpaq satmaq üçün Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 protokolda yazılanları təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsi Buzovna yolu tərəfdə yerləşən Nar marketin yaxınlığında Səbuhi adlı şəxsə kredit yolu ilə torpaq almaq üçün sonuncuya 2023-cü ilin fevral ayında 300 manat pul vermiş, lakin həmin şəxsin pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə Xəzər RPİ 1-ci Polis Bölməsinin təhqiqatçısı Elçin Kərimovun 05 fevral 2024cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi aidiyyəti əməkdaşlara həvalə edilməsi qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs bir ilə yaxın müddətdir ki, tanıyır. Təxminən bir ilə yaxın müddətdir ki, aralarında ona məxsus Buzovna qəsəbəsində yerləşən 1 sot torpaq sahəsinin 4000 manat məbləğinə alqı-satqısına dair razılıq əldə olunmuşdur. Buna görə də Gülnarə İsmayılova tərəfindən ona 200 manat məbləğində beh verilmişdir. Lakin daha sonra sonuncu həmin torpaq sahəsini almaqdan imtina etmiş və behini geri istəmişdir. Lakin o, maddi imkanı olmadığından həmin pulu geri qaytara bilməmişdir. Onun G.İsmayılovaya 300 manat borcu yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, təxminən bir il əvvəl 2023-cü ilin fevral ayında Xəzər rayonu Mərdəkan qəsəbəsi Buzovna yolunda Nar marketin yaxınlığında Səbuhi adlı şəxsə kredit yolu ilə torpaq almaq üçün 300 manat məbləğində pul vermişdir. Lakin Səbuhi onu aldadaraq verdiyi vədə əməl etməmiş, onu aldatmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi oduğunu və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs aldatma yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarına əlavə edilmiş 05 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir.” İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Şəxs 2023-cü ilin fevral ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Buzovna yolu tərəfdə yerləşən Nar marketin yaxınlığında Zərərçəkmiş şəxs sonuncuya kredit yolu ilə torpaq almaq üçün ondan 300 manat məbləğində pul almış, sonrakı müddət ərzində isə sözünə əməl etməmiş, həmçinin onun pulunu qaytarmaqdan imtina etmişdir. Beləliklə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən xəta ilə bağlı inzibati protokol 18 mart 2024-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi protokol tərtib edilərkən hadisədən bir ildən artıq müddət keçmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə xırda talamanın törədilməsi vaxtından bir ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati tənbeh vermə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-591/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-591/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver