Məhkəmə qərarları › İş №3(003)-593/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-593/2025

24.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-593/2025 24.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Güloğlan Əhmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 09 avqust 1965-ci il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xocalı şəhərində qeydiyyatda olmaqla Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 23 mart 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq edərək ictimai asayişi pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Güloğlan Əhmədov tərəfindən 24 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Güloğlan Əhmədov tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə əvvəllər məhkum edilmiş X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Günəşli sanatoriyası yaxınlığında R.R.Ağayev saxlanılan zaman orada onun tanışı kimi təqdim edən 2 nəfər şəxs polislərə yaxınlaşıb, R.Ağayevin aparılmasına etiraz edərək maneçilik törətmişdir. Bu zaman şəxslərdən biri polislərə məxsus “Toyota Prado” markalı ** HU *** dövlət nömrə nişanlı avtomobilin sağ ön qapısını təpiklə vurub əzmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf etməyərək göstərdi ki, o, 2-ci qrup Qarabağ əlilidir. Özü və ailəsi Xocalı şəhərindən məcburi köçkündürlər. Ona istinad edilən əməlləri törətməmişdir. O, heç bir xırda xuliqanlıq etməmiş və polisin bütün tələblərinə tabe olmuşdur. Bu səbəbdən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 mart 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq edərək ictimai asayişi pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. -xx.xx.2025-ci il tarixli, AZA seriyalı 023124 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin edilməsi barədə hər hansı bir sübut mövcud deyil. Onun səs-küy salması bildirilsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olması da sübuta yetirilmir. Belə ki, inzibati xəta haqqında Şəxs tərəfindən polisin qanuni tələblərinə əməl etməməsi göstərilsə də, polisin qanuni tələblərinin nədən ibarət olması və Şəxs tərəfindən həmin tələblərə tabe olmaması barədə hər hansı bir əsas protokolda göstərilməməklə bu barədə sübut da iş materiallarında mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar