Məhkəmə qərarları › İş №3(003)-6/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-6/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-6/2021 01.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri BPİ Dövlət X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti baş inspektoru polis polkovnikleytenantı X1 tərəfindən xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə “ZİL MMZ 4502” yük markalı **-NM-*** qeydiyyat nişanlı avtomobili sərxoş halda avtomobili idarə etmişdir. Bakı şəhəri BPİ Dövlət X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə qeyd olunan qərardan Bakı şəhər BPİ Dövlət X2 rəisi, polis polkovniki Rəşid Piriyev şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-656/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş Şəxs və Bakı şəhəri BPİ Dövlət X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs və Bakı şəhəri BPİ Dövlət X2 nümayəndəsi məhkəməyə gəlməmişlər və onlar işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs və Bakı şəhəri BPİ Dövlət X2 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx xxxx 2020-ci il tarixli, 2/10229 saylı aktdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuş və onun qanında alkoqol qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilmişdir. Tibbi müayinə saat 17:15-də keçirilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx xxxx 2020-ci il tarixli, 1/1626 saylı aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğunun 0,00 promil olması aşkar edilmişdir. Tibbi müayinə saat 20:25-də keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə “ZİL MMZ 4502” yük markalı **-NM-*** qeydiyyat nişanlı avtomobillə Qala yolunda hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı onun sərxoş halda avtomobili idarə etməsi məlum olmuş və sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə sərxoşluq vəziyyətinin tibbi müayinəsi həyata keçirilmişdir. Tibbi müayinənin nəticəsi olaraq Şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olduğu aşkar edilmişdir. Qeyd edilən tibbi müayinə saat 17:15-də keçirilmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs sonradan saat 20:25-də Səhiiyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə müraciət etmiş və müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onun qanında alkoqolun miqdarının 0,00 promil olduğu aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı protokol əsaslıdır. Belə ki, sərxoşluq vəziyyətinin müayinəsi ilə bağlı tərtib edilmiş ilkin müayinə aktında Şəxs sərxoş olması müəyyən edilmişdir. Qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, ilk müayinə 17:15-də, sonrakı müayinə isə 20:25-də keçirilmişdir. Sonuncu müayinə zamanı Şəxs qanında alkoqolun aşkar edilməməsi hər saatda qanda alkoqolun miqdarının düşməsi ilə əlaqədardır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsulliyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati xətanın sərxoş vəziyyətdə törədilməsi Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin dispozisiyasında tövsifedici əlamət kimi nəzərdə tutulduğundan Şəxs sərxoş halda inzibati xəta törətməsini məhkəmə məsuliyyəti ağırlaşdıran hal hesab etmir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114cü maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 gün muddətinə Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar