Məhkəmə qərarları › İş №3(003)-601/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-601/2024

20.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-601/2024 20.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Xalıq Şahbazovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi-8 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək (kənd təsərrüfatı) fəaliyyti ilə məşğul olan, Oğuz rayonu Qumlaq Ərazi Dairəsi Şirvanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Xalıq Şahbazov tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:05 radələrində Ş/DRES qəsəbəsində yol hərəkəti qaydalarını pozduqdan sonra polis əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə inspektoru Xalıq Şahbazov tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ş/DRES qəsəbəsində yol hərəkəti qaydalarını pozmuş, polis əməkdaşının saxla işarəsinə məhəl qoymamış, daha sonra polis əməkdaşları ilə mübahisə etmiş və bu səbəbdən də çevik polis alayının əməkdaşlarının köməyi ilə polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, axşam saat 8-9 radələrində bacısıgilə getmişdir. Bacısı yay aylarında əməliyyat olmuşdur, həmin gün ona zəng edərək səhəti ilə bağlı narahat olduğunu bildirmişdir. Bu səbəbdən o, Şüvəlan istiqamətində bacısına baş çəkməyə getmişdir. Həmin vaxt yolda yol polisi olmamış, o, polis əməkdaşlarını marketin qarşısında görmüşdür. Hava yağışlı olmuşdur. Bacısıgilin qapısına 30-50 metr qalmış polis əməkdaşları ona yaxınlaşaraq ona niyə tabesizlik göstərdiyini soruşmuşlar. O, cavab olaraq onları görmədiyini bildirmişdir. Polis əməkdaşları avtomobilin şöbəyə getməli olduğunu demişlər. O, bayram ayı olduğunu, rayondan təzə gəldiyini, maşınının yük maşını olduğunu, yoldaşının vəfat etdiyini, himayəsində uşağının olduğunu, avtoxuliqan olmadığını bildirmişdir. O, polis əməkdaşlarını görməmişdir. Rayondan həmin gün gəlmişdir. Daha sonra PPX dəvət etmişlər və onu şöbəyə aparmışlar. Onların arasında mübahisə olmamış, o, polis əməkdaşlarını təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ YPX inspektoru X1 bildirmişdir ki, o, Ş/DERS qəsəbəsində xidmət apararkən həmin şəxs yol hərəkəti qaydalarını pozduğuna görə ona “saxla” işarəsi verilmişdir. Əvvəlcə tabə olmamış, daha sonra avtomobili saxlamış və bölməyə dəvət olunmuşdur. Tabesizliyi “saxla” əmrinə tabe olmadığındadır. Onu saxlamaqda məqsədləri yoxlamaq olmuşdur. Məhkəmə iclasında müdafiəçi X3 əsas olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə poses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA 019909 tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:00-da azad edilmişdir. İş materiallarında olan video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “FORD” yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yol polisi əməkdaşlarının “saxla” əmri verilmiş və təxminən 35 saniyədən sonra avtomobili saxlamışdır və bunu da onunla izah etmişdir ki, əvvəlcə saxla əmrini eşitməmiş, eşitdikdən sonra avtomobili dayandırdığını bildirmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində “FORD” yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ş/DRES qəsəbəsi ilə hərəkətdə olan zaman yol hərəkət qaydalarını pozduğuna görə DYPŞ-nin əməkdaşları tərəfindən ona saxla əmri verilmiş, lakin o, hava şəraiti ilə əlaqədar polis əməkdaşlarını görmədiyinə görə idarə etdiyi avtomobili dərhal saxlamamışdır. Daha sonra avtomobili saxlayan zaman Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyi, heç bir nöqsana yol vermədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək (kənd təsərrüfatı) fəaliyyti ilə məşğul olan, Oğuz rayonu Qumlaq Ərazi Dairəsi Şirvanlı kəndində qeydiyyatda olan Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar