Məhkəmə qərarları › İş №3(003)-605/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-605/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-605/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, vəkil X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 22 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs MMC 47732 ABŞ dolları məbləğində vəsaiti 19 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 47732 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən «X4 və Tıc. A.S» şirkəti arasında 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli və ***-**** nömrəli, 05 yanvar 2020-ci il tarixli müqavilələr bağlanmışdır. Şəxs MMC həmin müqavilələrə əsasən «X4 və Tıc. A.S» şirkətinin bank hesabına avans yolu ilə 16 dekabr 2019-cu il tarixdə 23946 ABŞ dolları, 18 fevral 2020-ci il tarixdə 7923,84 ABŞ dolları, 19 mart 2020-ci il tarixdə 47732 ABŞ dolları, cəmmi 79601,84 pul ödəmiş, bu pulun müqabilində 81722,49 ABŞ dolları məbləğində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmiş və bununla bağlı müvafiq gömrük bəyannamələri verilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «X4 və Tıc. A.S» şirkəti arasında bağlanmış ***-**** nömrəli, 05 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, müqavilənin müddəti 1 il müəyyən olunmuş və müqavilə dəyəri 300000 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «X4 və Tıc. A.S» şirkəti arasında bağlanmış 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, müqavilənin müddəti 1 il müəyyən olunmuş və müqavilə dəyəri 200000 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «X4 və Tıc. A.S» şirkətinin xeyrinə 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 16 dekabr 2019-cu il tarixdə 23946 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «X4 və Tıc. A.S» şirkətinin xeyrinə 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 18 fevral 2020-ci il tarixdə 7923,84 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «X4 və Tıc. A.S» şirkətinin xeyrinə ***-**** nömrəli, 05 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 19 mart 2020-ci il tarixdə 47732 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 dekabr 2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, «X4 və Tıc. A.S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən göndərilmiş 21472,17 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 12 mart 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «X4 və Tıc. A.S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən göndərilmiş 12712,84 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyun 2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «X4 və Tıc. A.S» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən göndərilmiş 47537,48 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə «X4 və Tıc. A.S» şirkəti ilə arasında 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli və ***-**** nömrəli, 05 yanvar 2020-ci il tarixli müqavilələr bağlanmışdır. Şəxs MMC tərəfindən «X4 və Tıc. A.S» şirkətinin xeyrinə avans yolu ilə 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 16 dekabr 2019-cu il tarixdə 23946 ABŞ dolları, 18 fevral 2020-ci il tarixdə 7923,84 ABŞ dolları, ***-**** nömrəli, 05 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən isə 19 mart 2020-ci il tarixdə 47732 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Həmin pulların müqabilində 0012-2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən göndərilmiş 21472,17 ABŞ dolları məbləğində mallar 24 dekabr 2019-cu il tarixdə, 12712,84 ABŞ dolları məbləğində mallar 12 mart 2020-ci il tarixdə, 47537,48 ABŞ dolları məbləğində mallar isə 03 iyun 2020-ci il tarixdə, yəni 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilərək bəyan edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar