Məhkəmə qərarları › İş №3(003)-608/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-608/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-608/2020 29.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 22.06.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x3 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x3 verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5370/2017 saylı 13.11.2017-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs kredit borcuna görə zamin kimi iddiaçı tərəfindən ödənilmiş 7947 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi 7977 manat məbləğində pul alınaraq tələbkar “xxxxxxxxx” MMC-nə verilməlidir. “Nikoyl” (hazırda “xxxxxxxx” ) ASC qarşısında ipoteka ilə yüklü edilmiş borcluya məxsus “VAZ 21154” markalı avtomobil açıq hərracda satılaraq əldə edilmiş 4050 manatın bir hissəsi “xxxxxxxx” ASC-yə olan borc ödənilmiş, qalan 1704 manat məbləğində hissəsi “xxxxxxxxx” MMC-nin hesabına köçürülmüş və hazırda borclu Şəxs 6273 manat məbləğində borcu qalmışdır. Borclu şəxs ilk əvəllər icra şöbəsinə dəvət olunmuş borcun ödənilməsi tələb olunmuş və izahatı alınmışdır. Buna baxmayaraq, sonradan borclu Şəxs çağırışlara gəlməmiş və onunla telefon vasitəsilə də əlaqə saxlamaq mümkün olmamışdır. Buna görə onun məcburi qaydada gətirilməsi barədə Xəzər Rayon Məhkəməsinə müvafiq təqdimatla müraciət olunmuş və həmin məhkəmənin 8(003)-303/2019 saylı 24.09.2019-cu il tarixli qərardadına əsasən məcburi gətirilməsi barədə qərar qəbul edilmiş lakin qərarın icrası mümkün olmamışdır. Sonradan icra şöbəsi tərəfindən barəsində axtarış verilmiş bugün isə polis vasitəsilə icra şöbəsinə gətirilmişdir. Borclunun əmlakı barədə müvafiq orqanlara, bank hesabı ilə bağlı banklara sorğu olunmuş lakin borclunun adına heç bir əmlak və ya bank hesabı aşkar edilməmişdir. Borclu Şəxs üzürsüz səbəbdən tələbkara olan borcun ödənilməsindən yayınaraq bununla da icra sənədinin üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də onun barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, onun tələbkara 2196 manat məbləğində borcu var və o, həmin borcu ödəməkdən yayınmamışdır. Lakin tələbkar ondan 7977 manat məbləğində borc tələb etdiyindən aralarında razılıq əldə edilməmişdir. Tələbkar “xxxxxxxxx” MMC-nə 7977 manat məbləğində məhkəmə qərarı mövcud olması barədə əvvəllər icra şöbəsinə dəvət olunduğu zamanı bilmiş, lakin yaxın qohumu öldüyündən həmin qərardan apelyasiya şikayəti verə bilməmişdir. O, hazırda həmin məhkəmə qərarından apelyasiya şikayəti vermək istəyir və 2196 manat məbləğində borcunun olmasını qəbul edir. Lakin qalan borcun əsassız olaraq ondan tutulmasını bildirir. Qəbul etdiyi məbləğdə, yəni 2196 manat borcu da ona vaxt veriləcəyi təqdirdə ödəyə biləcəkdir. Məhkəmədən ona yüngül inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi iştirak etməmiş, məhkəmə inzibatixətahaqqındaişə zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5370/2017 saylı, 13.11.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs kredit borcuna görə zamin kimi iddiaçı tərəfindən ödənilmiş 7947 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi 7977 manat məbləğində pul alınaraq tələbkar “xxxxxxxxx” MMC-nə verilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5370/2017 saylı 13.11.2017-ci il tarixli icra icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borcluya ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədlərini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-303/2019 saylı 24.09.2019-cu il tarixli qərardadından görünür ki,Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5370/2017 saylı, 13.11.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Xəzər rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan 08.01.2020ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Pərviz Əliyev tərəfindən borclu Şəxs barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin 29.06.2020-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs həmin tarixdə saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Repubilkası İXM-nin 528.1 -ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqəsini icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 29.06.2020-ci il tarixdən, yəni, Şəxs tutulduğu (saxlanıldığı) andan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29.06.2020-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan x4 x2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar