Məhkəmə qərarları › İş №3(003)-621/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-621/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-621/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsindən daxıl olmuş 34/013/027348 nömrəli, 02.11 2022-ci il tarixli raportda göstərilmişdir kı, “Mover.az" poçt daşımaları şirkəti vasitəsi ilə X1 Azərbaycan Respublikasına ***-*******4 nömrəli aviaqaimə ilə Ramil Süleymanovun adına göndərilən, izləmə kodu MVRM********** olan poçt bağlamasında olan malın dəyəri (daşınma xərci ilə birlikdə 246.99 ABŞ dolları) internet resurslarında olan məlumatlarla müqayisə olunmuş, gömrük dəyərinin aşağı olmasında şübhə yarandığına görə sözügedən bağlama araşdırma aparılması üçün protokol əsasında götürülmüşdür.Faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsində araşdırma başlanılmış, bağlamanın üzərində qeyd edilən mobil nömrə vasitəsi ilə Ramil Süleymanov ilə əlaqə saxlamağa çalışmış, lakin zəng çatmamışdır. Həmçinin HNBGİ-ə gəlib izahat verməsi üçün ona 01.11 2022-ci il tarixli 1900-013/0xx-xx/004437 nömrəli məktub ünvanlanmışdır Buna baxmayaraq Ramil Süleymanov HNBGİ-ə gəlməmişdir.Araşdırma zamanı xx.xx.2023-cü il tarixdə HNBGİ-ə gələn Şəxs izahat verərək qeydetmişdir ki, dostu Ramil Süleymanovun adına ABŞ-dan noutbuk sifariş vermiş, noutbuka görə 600 ABŞ dolları pul ödənişi etmiş, smart customs tətbiqində malları bəyan edən zaman yalnışlıqla geyim əşyalarının qiymətini bəyan etmişdir. Beləliklə, araşdırma nəticəsində X1 gələn invoys dəyəri 599.99 ABŞ dolları olan bağlamanın sahibi X2 tərəfindən malın gömrük sərhədindən keçirilməsi zamanı digər mala aid olan sənədləri təqdim etdiyi məlum olmuşdur. Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda gömrük qaydaları əleyhinə olan inzibatı xəta hesab olunur.Şəxs xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək, bütün bu bağlamarın məhkəmə qaydasında müsadirə edilməsini etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00800-00091/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclaısna gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, “Mover.az" MMC-nin ünvanına X1 MVRM********** nömrəli izləmə kodu ilə Ramil Süleymanovun adına daxil olan bir ədəd notbuku özünün sifariş verdiyini etiraf etmiş və inzibati xətanın bilavasitə obyekti olan həmin məhsulun məhkəmə qaydasında müsadirə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı invoys dəyəri 599.99 ABŞ dolları olan bağlamanın X2 tərəfindən malın gömrük sərhədindən keçirilməsi zamanı digər mala aid olan sənədləri təqdim etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 01 ədəd “Asus” markalı “Tuf Gaming laptop F15” model noutbuk müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar