Məhkəmə qərarları › İş №3(003)-630/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-630/2020

06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-630/2020 06.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 31 yanvar 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 06 iyul 2020-ci il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x2 izahat verərək bildirdi ki, Xəzər Rayon İcra Hakimiyyətinin 21 saylı,13 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, icra sənədində göstərilən tələbi icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 21 saylı, 13 noyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 09.01.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs 13 noyabr 2019-cu il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs 06.02.2020-ci il tarixli Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatın surətindən məlum olur ki, Xəzər Rayon İcra Hakimiyyətinin 21 saylı, 13 noyabr 2019-cu il tarixli sənədi icra olunmadığı təqdirdə barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirləri və Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar olunduğunu göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xətalara dair qanunvericiliyin mənasına görə inzibati məsuliyyətə cəlb olunması üçün şəxs İXM-in xüsusi hissəsində nəzərdə tutulmuş xətanın bütün əlamətlərini daşıyan hüquqazidd əməli təqsirli törətmiş olmalıdır. Məhkəmə baxılan işin hallarına münasibətdə qeyd edir ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Belə ki, borclunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakların müəyyən edilməsi ilə bağlı aidiyyəti təşkilatlara sorğular verilməmiş, bununla da onun mülkiyyətində daşınar və daşınmaz əmlaklar müəyyən edilməmişdir. Həmçinin borclunun adına hər hansı bir bank hesabının (pul vəsaitinin) olması istiqamətində də icra məmuru tərəfindən heç bir araşdırılma aparılmamış, aiddiyyəti təkilatlara sorğu verilməmişdir. Beləliklə icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti tam yoxlanılmadan onun barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bununla da icra məmuru tərəfindən icra hərəkətlərinin ardıcıllığı prinsipi pozulmuşdur. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 529.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar