Məhkəmə qərarları › İş №3(003)-641/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-641/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-641/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1681/2022 saylı, 08 sentyabr 2022ci il tarixli icra vərəqəsinə əsasən 16 sentyabr 2017-ci il təvəllüdlü X1 Elvin Sahib oğlundan alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində icra sənədi üzrə tələbin icra edilməməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, borclu icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, uşağı anasının himayəsinə verməkdən imtina edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu səbəbdən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından yayınmadığını, dəfələrlə uşağı icra şöbəsinə aparmasına baxmayaraq, uşağın özünün anasının himayəsində yaşamaqdan imtina etdiyini bildirmişdir. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs borclu Şəxs icra sənədinin icrasından qəsdən yayındığını, uşağı onun himayəsinə vermədiyini bildirərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1681/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 16 sentyabr 2017-ci il təvəllüdlü X1 Elvin Sahib oğlundan alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1681/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları M.S.Abbasov, N.Z.Nəcəfov, E.C.Fərzəliyev, hal şahidlərinin, tələbkar və borclunun iştirakı ilə 25 noyabr 2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1681/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələbkarın uşağı Əbəlfəzlə söhbət etmək, həmçinin onu aparmaq üçün şərait yaradılmış, lakin uşaq anası ilə getməkdən imtina etmişdir. Proses video çəkilişlə qeydə alınmışdır. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları M.S.Abbasov, N.Z.Nəcəfov, hal şahidlərinin, tələbkar və borclunun iştirakı ilə 07 fevral 2023-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1681/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Şəxs uşaqla birlikdə şöbəyə dəvət edilmiş, şöbədə olan zaman uşaqla danışıqlar aparılmış, lakin o, iş üzrə tələbkar Zərərçəkmiş şəxs ilə getməkdən imtina etmişdir. Proses video çəkilişlə qeydə alınmışdır. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları Y.C.Qafarov, Ş.İ.Neymətzadə, hal şahidləri, tələbkar və borclunun iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1681/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tərəflər 22 fevral 2023-cü il tarixdə Xəzər Rayon İcra şöbəsinin inzibati binasına dəvət edilmişdir. İcra sənədinin ictası zamanı tələbkar uşağı götürüb getmək istədikdə, uşaq ağlayaraq atasını istədiyini bildirmiş, anası ilə getmək istəmədiyindən icra sənədinin icrası təxirə salınmışdır. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları A.Z.Nəcəfov və M.S.Abbasov, hal şahidlərinin, borclunun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin psixoloqu X2 iştirakları ilə tərtib edilmiş 02 mart 2023-cü il tarixli aktın surətindən görünür ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə tədbir 02 mart 2023-cü il tarixə, saat 15:00-da Xəzər rayon icra şöbəsinə təyin edilmişdir. Psixoloq tərəfindən uşaqla psixoloji metodlar istifadə edilərək testlər və söhbət aparılmış, uşağın psixoloji cəhətdən sağlam olması, təzyiq altında qalmaması, inkişafdan qalmaması və fikirlərini sərbəst ifadə edə bilməsi müəyyən edilmişdir. Nəticə olaraq müəyyən olunmuşdur ki, uşağı atadan ayırmaq ona psixoloji travma yetirməsi ehtimalı böyükdür. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları A.Z.Nəcəfov, M.S.Abbasov və E.C.Fərzəliyev, hal şahidlərinin iştirakları ilə tərtib edilmiş 10 mart 2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1681/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tərəflər icra şöbəsinə dəvət edilmişdir. Şöbədə olan zaman Zərərçəkmiş şəxs inzibati binada nalayiq ifadələr işlətmiş, qarşı tərəfə hücum çəkmiş, hədə-qorxu gəlmişdir. Əlavə olaraq uşağı onun iradəsi olmadan zorla aparmağa çalışmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır”. Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1681/2022 saylı, 08 sentyabr 2022ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, icra sənədinə əsasən 16 sentyabr 2017-ci il təvəllüdlü X1 Elvin Sahib oğlundan alınaraq Zərərçəkmiş şəxs verilməlidir. 16 sentyabr 2017-ci il təvəllüdlü X4 icra sənədi üzrə borclu atası Şəxs tərəfindən tələbkarın himayəsinə verilməsi üçün dəfələrlə icra şöbəsinə gətirilməsinə baxmayaraq, uşaq anası ilə getməkdən imtina etmişdir. Həmçinin icra sənədinin icrası ilə bağlı psixoloqun iştirakı ilə uşaqla keçirilmiş söhbət zamanı uşağı atadan ayırmağın ona psixoloji travma yetiriləcəyi qənaətinə gəlindiyindən, icra sənədinin icrası təxirə salınmışdır. Sonuncu dəfə 10 mart 2023-cü il tarixdə icra sənədinin icrası ilə bağlı tərəflər görüşdüyü zaman tələbkarın aqressivlik edərək, uşağı onun iradəsindən asılı olmayaraq zorla aparmağa çalışması tərtib edilmiş aktda öz əksini tapmışdır. Məhkəmə baxılan işin hallarına münasibətdə qeyd edir ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Borclu Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar