Məhkəmə qərarları › İş №3(003)-643/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-643/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-643/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, 28 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 18 yanvar 2014-cü il təvəllüdlü X7 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində icra sənədi üzrə tələbin icra edilməməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, borclu icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, uşaq atası və onun arvadı tərəfindən bir neçə dəfə icra şöbəsinə gətirilsə də, lakin anası ilə ünsiyyət qurmaqdan imtina etmişdir. Bu səbəbdən də uşaqla ünsiyyətin tələbkarın xahişi ilə psixoloqun iştirakı ilə həftə içi günlərdə keçirilməsi müəyyən edilmişdir. Psixoloqun iştirakı yalnız həftəiçi mümkün olsa da, lakin borclu icra sənədi üzrə çağırışlar məhəl qoymayaraq, uşağın iştirakını təmin etməmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu səbəbdən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından yayınmadığını, icra sənədinin icrası ilə bağlı uşağı özünün və arvadının icra şöbəsinə aparmasına baxmayaraq uşaq anası ilə ünsiyyət qurmaqdan imtina etmişdir. Həmçinin uşağın dərslərindən geri qalmaması üçün, o, həftəiçi uşağı icra şöbəsinə gətirə bilməmişdir. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 593/2022 saylı, 28 aprel 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X4 18 yanvar 2014-cü il təvəllüdlü X7 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11:00dan bazar günü saat 12:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, 28 aprel 2022-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları X6, X5, tələbkar X9 və borclu Şəxs və hal şahidlərinin iştirakı ilə 13 dekabr 2022-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 593/2022 saylı, 28 aprel 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı təyin edilmiş icra başlanmış, tərəflər arasında görüş yeri ilə bağlı mübahisə olduğundan görüş rayon icra şöbəsinə təyin edilmiş, X7 atası tərəfindən şöbəyə gətirilmişdir. İcra zamanı uşaq anası ilə getməkdən imtina etmiş, lakin şöbədə ardıcıl olaraq görüşlərin keçirilməsinə etiraz etməmişdir. Bununla da icra sənədinin icrası qismən təmin edilmişdir. Aktın doğruluğu hal şahidlərindən başqa digər iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları X6, X5, X1, tələbkar X4 iştirakları ilə tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, 28 aprel 2022ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı uşaq şöbəyə atasının arvadı Pərvanə adlı şəxslə birlikdə gəlmişdir. Bundan sonra uşaq otağa dəvət olunmuş və anası ilə ünsiyyət qurulması təklif olunmuşdur. Uşaq otaqda nə anası, nə də balaca qardaşını görmək istəmədiyini bildirmişdir. Bir neçə dəqiqə ünsiyyət qurmuşdur. Ünsiyyət zamanı ananın halı pisləşərək, özündən getmişdir. Şöbəyə təcili tibbi yardım çağırılmışdır. Bu səbəbdən görüş dayandırılaraq qeyri-müəyyən vaxta təxirə salınmışdır. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş X9 tərəfindən Xəzər rayon icra şöbəsinə ünvanlanmış 13 yanvar 2023-cü il tarixli ərizənin surətindən görünür ki, ərizəçi icra vərəqəsinin icrası ilə bağlı qızı X3 təsir altında olduğunu, bununla bağlı psixoloq dəvət olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış 2114/20Ş saylı, 15 fevral 2023cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 593/2022 saylı, 28 aprel 2022-ci il tarixli icra sənədinin icrası Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin inzibati binasında 22 fevral 2023-cü il tarixinə, saat 15:00-a təyin edilmişdir. Yaranmış zərurətlə əlaqədar psixoloq-məsləhətçi Zülfiyyə Yaqubovanın təyin olunmuş icrada iştirakının təmin olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları X6, X5, X8, tələbkar X9 və borclu Şəxs iştirakları ilə tərtib edilmiş 10 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, icra sənədini icrası ilə bağlı uşaq atası tərəfindən şöbəyə gətirilmişdir. Daha sonra anası ilə ünsiyyətin təmin olunması üçün ayrı otaqda təklikdə şərait yaradılmışdır. Ünsiyyət zamanı uşaq qəflətən ağlamağa başlayaraq, otağı tərk edib atasının yanına qaçmışdır. Bu səbəbdən icra sənədini icra etmək mümkün olmamışdır. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmurları X6, X5, tələbkar X9 və hal şahidlərinin iştirakları ilə tərtib edilmiş 22 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, icra vərəqəsinin icrası zamanı psixoloq şöbəyə gəlməmişdir. Həmçinin borcluya kifayət qədər xəbərdarlıq olunmasına baxmayaraq uşağı şöbəyə gətirməmişdir. Daha sonra ona sms göndərilmiş, cavabında isə uşağın dərsdə olduğunu, gətirilməyəcəyini qeyd etməklə cavab smsi göndərmişdir. Bu səbəbdən icra sənədinin icrası mümkün olmamışdır. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə araşdırması zamanı, eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, 28 aprel 2022-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, icra sənədi üzrə uşağın anası ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İcra sənədinin icrası ilə bağlı tərtib edilmiş aktların məzmunundan görünür ki, uşaq anası ilə ünsiyyətdə olması üçün icra şöbəsinə gətirilsə də, lakin ünsiyyətdə olmaqdan imtina etdiyi üçün icra sənədinin icrasını tam təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də tələbkar görüşün psixoloqun iştirakı ilə aparılmasını xahiş etmişdir. Lakin uşağın tələbkarla ünsiyyətdə olması üçün təyin edilmiş görüş günləri qeyri-iş günləri olduğundan, həmin günlərdə psixoloqun iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə baxılan işin hallarına münasibətdə qeyd edir ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Borclu Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar