Məhkəmə qərarları › İş №3(003)-650/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-650/2020

15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-650/2020 15.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Ağayev Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x2 tərəfindən tərtib olunmuş 15 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin 2(004)-5606/2017 saylı 10.07.2017-ci il tarixli icra sənədinə əsasən Ağayev Şəxs hər ay sabit pul məbləğində 200 manat aliment tutularaq x3 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Ağayev Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan icra sənədinin icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamış, 7400 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5606/2017 saylı 10.07.2017-ci il tarixli icra sənədinə əsasən Ağayev Şəxs hər ay sabit pul məbləğində 200 manat aliment tutularaq x3 ödənilməlidir. Borclu izahatında borcunu halhazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qətnaməsini indiyə qədər icra etməmişdir, onunla aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev Şəxs göstərdi ki, hazırda işləmədiyi üçün maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı 7400 manat olan aliment borcunu tam ödəyə bilmir. Hələlik iş tapa bilmədiyindən borcundan heç bir ödəniş edə bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin müvəqqəti maddi çətinlikləri borcunu tam ödəməyə hələlik imkan vermir, ona bir qədər müddət verilərsə, gələcəkdə borcunu hissə-hissə ödəyə bilər. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Ağayev Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Qeyd olunan maddənin sanksiyasından görünür ki, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Eyni zamanda, bütün dünyanın, eləcə də ölkəmizin düçar olduğu “Koronavirus” pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən ölkə ərazisində həyata keçirilən sosial izolyasiya, xüsusi karantin rejimi və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar məhkəmə hesab edir ki, mövcud vəziyyətdə qərar qəbul edilərkən işlərə xüsusi həssaslıqla yanaşılmalı, baxılan məsələnin hansı dərəcədə təxirəsalınmaz və əhəmiyyətli olmağı, eyni zamanda qəbul edilən qərarın mövcud vəziyyətə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun tam ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur, eyni zamanda tələbkarın hüquqlarını pozur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Ağayev Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini və hazırda ölkəmizin düçar olduğu mövcud vəziyyəti nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Ağayev Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 15 iyul 2020-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar