Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-653/2023 23.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı E.Abasovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rzaquli oğlunun iştirakları ilə Şəxs Rzaquli oğlunun 11 sentyabr 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 23 mart 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı E.Abasov tərəfindən Şəxs Rzaquli oğlu barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs Rzaquli oğlu xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı E.Abasov izahatında göstərdi ki, Şəxs Rzaquli oğlu 21 mart 2023-cü il tarixdə 1-ci PŞ-nin inzibati binasında uca səslə nalayiq söyüşlər söymüş, polisin iş rejimini pozmaqla xırda xuliqanlıq etmişdir. Bu fakt vətəndaşın izahatı və polis əməkdaşlarının tərtib etdiyi raportla təsdiq edilir. Bunun nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rzaquli oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 21 mart 2023-cü il tarixdə günorta saatlarında evdə yeyib-içməyə başlamış, təxminən 2 saat sonra həyat yoldaşı Nailə ilə aralarında mübahisə baş vermiş və Nailə polisə zəng vurub çağırmışdır. Təxminən 15-20 dəqiqədən sonra 3 nəfər polis əməkdaşı onların ünvanına gəlmiş, onlarla da həyətdə mübahisəsi düşmüş və onlar onu polis maşınına mindirərək 1-ci Polis Şöbəsinə gətirmişlər. O, polis əməkdaşlarına maşında və şöbədə etiraz etmişdir ki, onu içəri salmasınlar, həmin vaxt aralarında münaqişə baş vermiş, əsəbiləşdiyi üçün nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Sərxoş olduğundan həmin hərəkətləri törətmiş və sonradan peşman olmuşdur. Özü 2-ci qrup əlildir. Hazırkı açıq məhkəmə iclasında hamıdan üzr istəyir və bir də belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Rzaquli oğlu həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və Xəzər RPİ 1-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Savalan Əsədov tərəfindən həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Habil Həsənova yazdığı 21 mart 2023-cü il tarixli Raportdan görünür ki, 21 mart 2023-cü il tarixdə saat 16:57-də DİN “102” zəng məlumat xidmətindən daxil olan məlumata əsasən Zirə qəsəbəsi ev 30 ünvanında yaşayan X1 bildirmişdir ki, atası Bəxtiyar içkili halda evə gələrək anasını döymüşdür. İş materiallarında olan Zirə qəsəbəsi bağ massivində yaşayan X2 tərəfindən Xəzər RPİ 1-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Habil Həsənova 21 mart 2023-cü il tarixdə yazılmış şifahi ərizə protokolundan görünür ki, həmin tarixdə əri Şəxs sərxoş halda evə gələrək heç bir səbəb olmadan onun sifət nahiyəsindən yumruqla vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan Sərxoşliq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 21 mart 2023-cü il tarixli 1/1006 saylı Protokoldan görünür ki, həmin gün Şəxs Rzaquli oğlu sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan və Xəzər RPİ 1-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Savalan Əsədov tərəfindən həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Habil Həsənova yazdığı 21 mart 2023-cü il tarixli Raportdan görünür ki, 21 mart 2023-cü il tarixdə saat 16:57-də DİN “102” zəng məlumat xidmətindən daxil olan məlumata əsasən əməliyyat qrupunun əməkdaşları tərəfindən PŞ-nə gətirilmiş sonradan məlum olan 1964-cü il təvəllüdlü Şəxs Rzaquli oğlu 25 dəqiqə ərzində növbətçi hissənin iş rejimini pozaraq əməkdaşları söyüb təhqir etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs Rzaquli oğlu barəsində hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Şəxs Rzaquli oğlu 2-ci qrup əlildir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs Rzaquli oğlunun əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmişşəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşmançılıq çəkməsini və 2-ci qrup əlil olmasını nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rzaquli oğlu Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-653/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-653/2023
23.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver