Məhkəmə qərarları › İş №3(003)-663/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-663/2021

24.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-663/2021 24.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Əvəz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Paşayev Zamir Zal oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gözəlov Samir Arif oğlunun iştirakları ilə, 15.08.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, 2 nömrəli DOST Mərkəzində kompyüter mütəxəssisi vəzifəsində işləyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ordubadi küçəsi ev 37-də qeydiyyatda olan və yaşayan Gözəlov Samir Arif oğlunun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Fiziki şəxs Gözəlov Samir Arif oğlu (FİN - 0YV6HKG) COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən bu prosesə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçdikdən sonra “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən epidemik göstərişlərə görə aparılan və ya təqvimdə nəzərdə tutulan profilaktik peyvəndlərdən imtina etməsinin səbəbini yazılı şəkildə bildirmək vəzifəsini yerinə yetirməyərək, 21.04.2021-ci ildə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən peyvənd vurdurmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması barədə tanışı, 14 nömrəli BŞX-nin əməkdaşı - Xəzər rayon dairəsinin poliklinika şöbəsinin böyük tibb bacısı Kərimova Təbəssüm Hümmət qızına müraciət etmiş və sonuncunun təkidi ilə 14 nömrəli BŞX-nin əməkdaşı - Xəzər rayon dairəsinin uşaq şöbəsinin böyük tibb bacısı Məmmədyarova Südabə Əhmədşah qızı Samir Gözəlovun qanunsuz təklifi ilə razılaşaraq peyvəndi şprisə doldursa da, yalnız peyvəndi vurma görüntüsü formalaşdırmasını və özünün peyvəndləndirilmiş şəxs kimi qeydiyyata alınmasını təmin etməklə epidemiya əleyhinə rejimi pozduğuna görə sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanılmış və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Paşayev Zamir Zal oğlu qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, Gözəlov Samir Arif oğlu 14 nömrəli BŞX-nin əməkdaşı - Xəzər rayon dairəsinin uşaq şöbəsinin böyük tibb bacısı Məmmədyarova Südabə Əhmədşah qızı Samir Gözəlovun qanunsuz təklifi ilə razılaşaraq peyvəndi şprisə doldursa da, yalnız peyvəndi vurma görüntüsü formalaşdırmasını və özünün peyvəndləndirilmiş şəxs kimi qeydiyyata alınmasını təmin etməklə epidemiya əleyhinə rejimi pozmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gözəlov Samir Arif oğlu özünü təqsirli bilərək yüngül tənbeh təbbiri tətəbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Paşayev Zamir Zal oğlunun 24.04.2021-ci il taixli qərarından görünür ki, 15.08.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, ali, əvvəllər məhkum olunmamış, “DOST” Mərkəzində kompüter mütəxəssisi kimi işləyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Gözəlov Samir Arif oğlunun (FİN - 0YV6HKG) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gözəlov Samir Arif oğlunun Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində vermiş olduğu 24.04.2021-ci il tarixli tarixli izahatından bildirmişdir ki, “... mən 2008-2020-ci il tarixlərdə Heydər Əliyev adına Beynəlxalq Hava limanında kompüter mütəxəssisi vəzifəsində işləmişəm. 2020-ci ilin noyabr ayından isə nömrəli DOST Mərkəzində kompüter mütəxəssisi vəzifəsində işləyirəm. 21 aprel 2021-ci il tarixdə mən COVİD-19 pandemiyası ilə əlaqədar dərman vaksin vurdurmaq üçün 14 saylı poliklinikada tibb bacısı işləyən qonşumuz Təbəssüm Kərimovanın yanına getdim. Mən təxminən 15 gün bundan qabaq telefonla Təbəssüm Kərimovaya zəng edib dedim ki, vaksin olunmaqdan qorxuram, amma kompüter mühəndisi işlədiyim “DOST” agentiliyindən məndən vaksin olunmağımla bağlı vəsiqə, yəni kart istəyirlər, ona görə də mənə vaksin vurulmamasını və həmin kartın verilməsini dedim. Təbəssüm mənə dedi ki, bu olmaz. Lakin mən tez-tez qonşumuz Təbəssüm Kərimovaya zəng edərək və iş yerinə gedərək ondan xahiş edirdim ki, mənə vaksin vurulmasın. Biz ailəlikcə Təbəssüm Kərimova ilə yaxın idik. Təbəssüm Kərimova vaksin olunmağım müqabilində məndən heç bir şey istəməmiş, həmçinin bununla bağlı o məndən pul almamış, mən də bunun müqabilində Təbəssüm Kərimovaya heç bir şey təklif etməmişəm. 21 aprel 2021-ci il tarixdə saat 13 radələrində mən 14 saylı poliklinikaya Təbəssüm Kərimovanın yanına getdim. Mən peyvəndlənmə otağına daxil oldum. Tibb bacısı Südabə Məmmədyarova mənə vurulması nəzərdə tutulan vaksini iynəyə çəkdi və mən stulda oturdum. Təbəssüm Kərimova Südabə Məmmədyarovaya həmin vaxt dedi ki, mən onun qonşusunun oğluyam, mənim allergiyam var və mənə peyvənd vurmasın, əvəzində peyvənd vurulma kimi qeydiyyata alınsın. Mən paltarımın sağ qol hissəsini yuxarıya qaldırdım və tibb bacısı qaynamış suyu mənim qoluma pambıqla sürtüb vaksini qoluma vurmuş kimi etdi. Amma vaksin iynənin içərisində idi və Südabə mənə vaksini vurmadı. Bundan sonra mən vaksin olunmuş kimi otağı tərk etdim. Mən bu zaman gördüm ki, Südabə iynəni vaksinlər üçün nəzərdə tutulmuş qutuya atdı. Sonra isə Təbəssüm Kərimova da vaksin olunmağım barədə kartı mənə verdi. Mən bir daha bildirmək istəyirəm ki, vaksin vurulmaması ilə bağlı hər hansı şəxsə pul və sair maddi nemət verməmişəm, eləcə də hər hansı şəxsə imtiyaz və vəd verməmişəm. Həmçinin heç kim məndən bununla bağlı nəsə istəməmişdir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yoluxucu xəstəliklərin immunoprofilaktikası - profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir. Həmin qanunun 5-ci maddəsinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır. Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 27.02.2020-ci ildən COVİD-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah təsis edilmişdir. Qərargahın qərarı əsasında 14.03.2020-ci il tarixdən etibarən ölkə ərazisində tətbiq olunmuş bəzi sosial izolyasiya tədbirləri başladılmış və həmin rejim 01.06.2021-ci ilədək qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2021-ci il tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən vaksinasiya prosesi həyata keçirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gözəlov Samir Arif oğlu Nazirlər Kabineti qeyd edilən qərarlarında nəzərdə tutulmuş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən vaksinasiya prosesinin həyata keçirilməsi ilə əlaqədar keçirilən vaksinasiya prosessi zamanı yalnız peyvəndi vurma görüntüsü formalaşdırmasını və özünün peyvəndləndirilmiş şəxs kimi qeydiyyata alınmasını təmin etməklə epidemiya əleyhinə rejimi pozmuşdur. Qeyd olunan halı Gözəlov Samir Arif oğlu mübahisələndirməyərək etiraf etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gözəlov Samir Arif oğlunun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunan hallar inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gözəlov Samir Arif oğlunun etirafedici izahatları və digər iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Gözəlov Samir Arif oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 24 aprel 2021-ci il tarixdən saat 14:10-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gözəlov Samir Arif oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 24 aprel 2021-ci il tarixdən saat 14:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar