Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-664/2021 24.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Əvəz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Paşayev Zamir Zal oğlunun, Bakı şəhər Xəzər rayon Prokurorunun köməkçisi Nəcəfov Səməd Şöhrət oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızının iştirakları ilə, 02.07.1970-ci tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məmmədyarova Südabə Əhmədşah qızının barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Fiziki şəxs Məmmədyarova Südabə Əhmədşah qızı (FİN - 3EHUU32) - 14 nömrəli BŞX-nin Xəzər rayon dairəsinin uşaq şöbəsinin böyük tibb bacısı - 21.04.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, həmin dairənin poliklinika şöbəsinin böyük tibb bacısı Kərimova Təbəssüm Hümmət qızının təkidi ilə sonuncunun tanışı Gözəlov Samir Arif oğlunun peyvənd prosesinə cəlb olunmuş şəxs kimi qeydiyyatdan keçərək özünü təqdim etməsinə baxmayaraq, peyvənd vurdurmayaraq peyvəndlənmiş şəxs kimi qeydiyyata alınması barədə qanunsuz təklifi ilə razılaşaraq peyvəndi şprisə doldursa da, yalnız peyvəndi vurma görüntüsü formalaşdırmaqla 14.03.2020-ci il tarixdən ölkə ərazisində qüvvədə olan epidemiya əleyhinə rejimin tərkib hissəsini təşkil edən və “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021- 2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilən vaksinasiya prosesini pozmaqla epidemiya əleyhinə rejimi pozduğuna və dövlət hesabına alınmış və ödənişsiz şəkildə vurulmalı olan peyvəndi təyinatı üzrə istifadə etməyərək israf etdiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 211.1 və 227-ci maddələri ilə inzibati xəta haqqında iş başlanılmış və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Paşayev Zamir Zal oğlu qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızı vaksinasiya prosesi epidemiya əleyhinə rejimin tərkib hissəsi olduğu üçün peyvəndin sprisə yığılaraq təyinatı üzrə istifadə edilməməklə, yəni şəxsə vurulmamaqla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin pozulması və Dövlət tərəfindən alınmış və pulsuz şəxslərə vurulan peyvənin təyinatı üzrə istifadə edilməyərək israf edilməsi ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama xətası törədilmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 227-ci maddələri nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhər Xəzər rayon Prokurorunun köməkçisi Nəcəfov Səməd Şöhrət oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızı özünü təqsirli bilərək yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Musayev Elnur Novruz oğlunun 24.04.2021-ci il taixli qərarından görünür ki, 02.07.1970-ci tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məmmədyarova Südabə Əhmədşah qızının (FİN - 3EHUU32) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 227-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı 23 aprel 2021-ci il tarixli PHŞ/1-2-2021- 7858 nömrəli məktubundan qeyd edilmişdir ki, 22.04.2021-ci il tarixində Südabə Məmmədyarova tərəfindən vətəndaş Samir Gözəlova vurulmamış SARS-CovV-2 vaksininin alış qiyməti 12,45 ABŞ dolları (21 manat ekvivalenti ilə) olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddələrinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin birinci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yoluxucu xəstəliklərin immunoprofilaktikası - profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir. Həmin qanunun 5-ci maddəsinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır. Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 27.02.2020-ci ildən COVİD-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah təsis edilmişdir. Qərargahın qərarı əsasında 14.03.2020-ci il tarixdən etibarən ölkə ərazisində tətbiq olunmuş bəzi sosial izolyasiya tədbirləri başladılmış və həmin rejim 01.06.2021-ci ilədək qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2021-ci il tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən vaksinasiya prosesi həyata keçirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızı Nazirlər Kabineti qeyd edilən qərarlarında nəzərdə tutulmuş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən vaksinasiya prosesinin həyata keçirilməsi ilə əlaqədar keçirilən vaksinasiya prosessi zamanı peyvəndin sprisə yığılaraq təyinatı üzrə istifadə edilməməklə, yəni şəxsə vurulmamaqla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin pozulması və Dövlət tərəfindən alınmış və pulsuz şəxslərə vurulan peyvənin təyinatı üzrə istifadə edilməyərək israf edilməsi ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama xətası törədilmişdir. Qeyd olunan hallar Məmmədyarova Südabə Əhmədşah qızı mübahisələndirməyərək etiraf etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 227ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunan hallar inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızının etirafedici izahatları və digər iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əvvəllər məhkum edilməsini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızına inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Məmmədyarova Südabə Əhmədşah qızına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədyarova Südabə Əhmədşah qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-664/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-664/2021
24.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver