Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-68/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 1.2 və 9-cu bəndlərinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi tələbinə zidd olaraq, S7 3300 saylı Bakı-Novosibirsk aviareysi ilə Rusiya Federasiyasına uçmaq üçün 22.03.2017-ci il tarixdə, saat 12:30 radələrində Heydər X1nun T1 Terminalının B zonasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük nəzarətindən keçərkən üzərində olan 182 ədəd hər biri 5000 nominalında olan, 27118,00 manat ekvivalentində 910000 Rusiya rublu xarici valyutanın 600000 Rusiya rublunu bəyan etsə də, az miqdarda, 9238 manat ekvivalentində 310000 Rusiya rublunu Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərkən bəyan etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tərtib edilmiş 22.03.2017-ci il tarixli raport, şəxsi yoxlama aparılması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.04.2017-ci il tarixli, 8822 nömrəli ekspertiza rəyi, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 04.11.2021-ci il tarixli qərarı, cinayət işinin istintaqı zamanı alınmış şahid ifadələri və digər sənədlərlə təsdiq olunur.Şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 04.11.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən 01.05.2020-ci il tarixli dəyişikliyə əsasən CM-nin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülməsi nəzərə alınaraq barəsində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22.03.2017-ci il tarixdə Rusiya Federasiyasına gedən zaman üzərində 910000 Rusiya rublu olmuş, onlardan 600000 rublu bəyan etsə də, 310000 rublu bəyan etməmiş, belə ki, bəyan etmədiyi pul həmin vaxt gödəkçəsinin cibində olmuşdur. Gömrük əməkdaşı ondan üzərində olan əşyanın nə olduğunu soruşduqda Rusiya rublu olduğunu bildirmişdir.Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Rusiya Federasiyası vətəndaşı Şəxs (Aliev Yunus) barəsində "şəxsi yoxlama haqqında” və "əşyaların və sənədin götürülməsi haqqında” 22 mart 2017-ci il tarixli protokollardan görünür ki, həmin gün saat 13:17-də Bakı şəhəri, H.X1, T1 terminalı B zonasında Şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən gömrük nəzarətinə təqdim edilməmiş, elektron, kağız üzərində yazılı formada bəyan edilməmiş, 182 (yüz səksən iki) ədəd hər biri 5000 Rus rublu nominalında pul əskinasları olmaqla cəmi 910000 (doqquz yüz on min) Rus rublu aşkar edilərək götürülmüşdür.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.04.2017-ci il tarixli, 8822 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 182 (yüz səksən iki) ədəd 5000 nominallı Rusiya rublu pul əskinasları, cəmi 910000 (doqquz yüz on min) məbləğdə pul əskinasları dövriyyədə olan eyni nominallı və modifikasiyalı Rusiya Federasiyasının həqiqi pul əskinaslarına uyğundurlar. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin GHQMŞ-nin 27.03.2017-ci il tarixli arayışından görünür ki, 22 mart 2017-ci il tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyutalar üzrə məzənnəsində 1 Rusiya rublu 0,0298 manat nisbətində olmaqla, 910000 Rusiya rublu manatla ümumi dəyəri 27118,00 manat təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, 22.03.2017-ci il tarixə 1 Rusiya rublunun 0,0298 manat olması nəzərə alınmaqla, 600000 Rusiya rublu 17880 manat təşkil edir və 22.03.2017-ci il tarixə 1 Rusiya rublunun 0,0298 manat olması nəzərə alınmaqla 310 000 Rusiya rublu 9238 manat təşkil edir. Qeyd edilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X4 inzibati xəta haqqında materialın məzmununa uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini təklif etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 1(003)-2/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərara əsasən Şəxs törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət yaratdığı üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01.05.2020-ci il tarixli Qanununun 2.1-cü maddəsinə əsasən qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 1.38.1-ci bəndinə əsasən 206.1-ci maddənin dispozisiyasında “külli” sözü “xeyli” sözü ilə əvəz edilmişdir. Həmin Qanunun 1.38.4-cü bəndinə əsasən maddənin Qeyd hissəsinin birinci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs S7 3300 saylı Bakı-Novosibirsk aviareysi ilə Rusiya Federasiyasına uçmaq üçün 22.03.2017-ci il tarixdə, saat 12:30 radələrində Heydər X1nun T1 Terminalının B zonasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük nəzarətindən keçərkən üzərində olan 182 ədəd hər biri 5000 nominalında olan, 27118,00 manat ekvivalentində 910000 Rusiya rublu xarici valyutanın 600000 Rusiya rublunu bəyan etsə də, az miqdarda, 9238 manat ekvivalentində 310000 Rusiya rublunu Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 04.11.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən 01.05.2020-ci il tarixli dəyişikliyə əsasən CM-nin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülməsi nəzərə alınaraq barəsində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərara əsasən Şəxs törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət yaratdığı üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi , İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən 28.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmin və ona əlavə edilmiş materiallar baxılması üçün Xəzər rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cu maddəsinə əsasən, cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinə xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan 310000 Rusiya rublu məbləğin qırx faizi (124000 rubl) yəni 3695,20 (üç min altı yüz doxsan beş manat iyirmi qəpik) (Azərbaycan Respublikası Mərkəzi Bankının 22.03.2017-ci il tarixli məzənnəsinə uyğun olaraq) manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3695,20 (üç min altı yüz doxsan beş manat iyirmi qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-68/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-68/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver