Məhkəmə qərarları › İş №3(003)-680/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-680/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-680/2021 07.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 11.02.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 11.02.2021-ci il tarixli MN TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 10.02.2021-ci il tarixdə saat 15:45 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi Ağaəmi Rəhimov küçəsində hərəkətdə olduğu zaman sola dönmə işığını yandıraraq sola dönərkən X6 idarə etdiyi “Khazar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətə çıxaraq onun idarə etdiyi “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qarşı tərəfi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Xəzər RPİ DYPŞ tərəfindən araşdırılma düzgün və hər tərəfli araşdırılma aparılmadan barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində çıxarılmış qərar əsassızdır və ləğv edilməsini tələb edir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana – Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11.02.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan Xəzər RPİ X10 Şöbəsinin əməkdaşı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11.02.2021-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi Ağaəmi Rəhimov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulmasına görə X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndinə əsasən inzibati xəta nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə “Yol-nəqliyyat hadisəsinin sxemi” tərtib olunur və protokola əlavə edilir (Təlimata 17 nömrəli əlavə). Sxemdə nəqliyyat vasitələrinin hadisədən əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən DYP əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və şahidlər tərəfindən imzalanır. Sürücülərə “Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış” verilir (Təlimata 18 nömrəli əlavə). Həmin Təlimatın 10.6-cı bəndinə əsasən hadisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra aşağıdakı sənədlər tərtib olunur: 10.6.1. inzibati xəta haqqında protokol; 10.6.2. yol-nəqliyyat hadisəsi yerinin sxemi; 10.6.3. hadisə iştirakçılarının və şahidlərin izahatları; 10.6.4. yol-nəqliyyat hadisəsinin uçot qaydaları ilə müəyyən edilmiş qeydiyyat vərəqəsi; 10.6.5. hadisə yerindən sürücünün nəqliyyat vasitəsi ilə birgə yayındığı halda onun axtarışı üçün keçirilmiş ilkin tədbirlər barədə sənədlər və raport. 10.7. Sürücüsü hadisə yerindən yayınmış nəqliyyat vasitəsi tapıldıqda DYP əməkdaşı ona baxış keçirir, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmaqla nəticəsi ilə bağlı protokol tərtib edilir. Məhkəmə hesab edir ki, Xəzər RPİ X10 Şöbəsinin əməkdaşı, polis baş leytenantı X4 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin tələbinin hansı sürücülər tərəfindən pozulub-pozulmaması araşdırılmamış, “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndində göstərilən yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunmuş, sürücülər tərəfindən imzalanmış, lakin hal şahidləri tərəfindən imzalanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X3 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Xəzər rayon X10 Şöbəsinin əməkdaşı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 11.02.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar