Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-693/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Bakı şəhəində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 5, mənzil 12 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5333/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin eyvanı uzunluq hissəsindən 0.5 metr, en hissəsindən 1.6 metr olmaqla həmin ünvandakı 9C saylı qeyri-yaşayış sahəsinə ziyan vurulmadan Şəxs hesabına sökülməlidir. Həmin icra vərəqəsinin icrası zamanı borclu Şəxs icra sənədinin icrasına maneçilik törətmişdir. Bununla əlaqədar olaraq həmin icra sənədini icra etmək mümkün olmamışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində icra sənədi üzrə tələbin icra edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Nümayəndə protokolun məzmununa uyğun izahat verərək, qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı ilə akt tərtib edilmişdir. Həmin tarixdə icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 2 ünvanında olmuşdur. Ünvana baxış keçirilən zaman borclu icra vərəqəsində qeyd olunmuş tələbi tam təmin etməmişdir. Belə ki, o sökülməli olan və icra məmuru tərəfindən işarələnmiş yeri tam sökməmişdir. Orada olan dəmir parçası və 9C qeyri-yaşayış sahəsinin içində olan sökülməli hissəyə düşən dəmir dirək borclu tərəfindən sökülməmişdir. Borclu icra sənədi üzrə tələbi düzgün təmin etdiyini icra məmuruna bildirmişdir. İcra sənədinin icrası tam şəkildə təmin olunmadığından icra işinin icrası mümkün olmamış və icra edilməmişdir. Bu səbəbdən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, icra sənədinin icrası zamanı o, heç bir maneə yaratmamışdır. Sadəcə olaraq zərərçəkmiş şəxslə söküntü olacağı təqdirdə fərdi yaşayış evində problemlərin olacağı, yəni eyvanın söküləcəyi təqdirdə bina əsas dayaq hissələrinə zərər dəyəcəyi barədə mübahisəsi olmuşdur. Bu səbəbdən də icra məmuru icra sənədin icra edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5333/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində qeyd edilənlər tam şəkildə icra olunmuşdur. Yalnız 9C qeyri-yaşayış sahəsinin içində olan sökülməli hissəyə düşən dəmir dirək həmin icra sənədində qeyd edilməmişdir. Bundan əlavə həmin dəmir dirəyin eyvana aid hissəyə düşüb-düşməməsi məlum deyildir.Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5333/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin eyvanı uzunluq hissəsindən 0.5 metr, en hissəsindən 1.6 metr olmaqla həmin ünvandakı 9C saylı qeyri-yaşayış sahəsinə ziyan vurulmadan Şəxs hesabına sökülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmuru nun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmuru nun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1- 15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmuru nun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5333/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin eyvanı uzunluq hissəsindən 0.5 metr, en hissəsindən 1.6 metr olmaqla həmin ünvandakı 9C saylı qeyri-yaşayış sahəsinə ziyan vurulmadan Şəxs hesabına sökülməlidir. Lakin 9C qeyri-yaşayış sahəsinin içində olan dəmir dirəyin borclu tərəfindən sökülməməsi icra sənədi üzrə tələbin tam olaraq icra edilməməsi kimi qiymətləndirilmiş və Şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində imzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun tərəfindən icra sənədi üzrə tələbin tam şəkildə icra olunduğunu, icra məmurunun icra edilməmiş kimi qeyd etdiyi 9C qeyriyaşayış sahəsinin içində olan dəmir dirəyin isə sökülməsinin icra sənədində qeyd edilmədiyini bildirmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən fərdi yaşayış evinin eyvanı uzunluq hissəsindən 0.5 metr, en hissəsindən 1.6 metr olmaqla həmin ünvandakı 9C saylı qeyri-yaşayış sahəsinə ziyan vurulmadan sökülməlidir. Həmin qeyriyaşayış sahəsinin içində olan dəmir dirəyin borclu tərəfindən sökülməməsi hazırda tərəflər arasında mübahisə predmetinə çevrilmiş və protokolun tərtib edilməsi üçün əsas olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin tam və ədalətli həlli və icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru tərəfindən iş üzrə müvafiq qərar qəbul edilərək mütəxəssis cəlb edilməli idi. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Lakin göründüyü kimi hazırki iş üzrə icra sənədi üzrə tələblə bağlı tərəflər arasında mübahisə yaranmasına və bu mübahisənin həllinin işə cəlb ediləcək mütəxəssisin köməkliyi ilə aradan qaldırılma ehtimallarının olmasına baxmayaraq icra məmuru tərəfindən bu istiqamətdə müvafiq icra hərəkətləri həyata keçirilməmişdir. Bütün qeyd olunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-693/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-693/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver