Məhkəmə qərarları › İş №3(003)-70/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-70/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-70/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin 333.1 və 329.1-ci maddələri ilə Bakı şəhəri BPİ X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis sıravisi X1 tərəfindən 01 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 dekabr 2021-ci il tarixdə “Volkswagen Golf” minik markalı **-FP-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Bakı şəhəri BPİ X3 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə dəfələrlə bildiriş göndərilmiş, lakin Bakı şəhəri BPİ X3 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Bakı şəhəri BPİ X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 01 dekabr 2021-ci il tarixdə idarə etdiyi “Volkswagen Golf” minik markalı **-FP-*** qeydiyyat nömrə nişanlı avtomobillə Aeroport yolu Zığ şosesinin kəsişməsində hərəkətdə olarkən heç bir qanun pozuntusuna yol vermədiyi halda X3inin əməkdaşları tərəfindən saxlanılaraq alkoqollu içki qəbul edib-etməsi soruşulmuş, o da bir gün əvvəl pivə içdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşı onun içkili olubolmamağını yoxlamaq üçün “alkotester” adlanan aparata üfürməsini tələb etmiş və o, həmin aparata nəfəsini verdikdən sonra polis əməkdaşı onun içkili olduğunu və alkoqolun 0,488 promil (saat 06:31) olduğunu demişdir. Vəziyyəti belə gördükdə, o, polis əməkdaşlarından alkotestrin mənşəyini, həmçinin sertifikatının olub-olmadığını soruşmuş, hazırda sərxoş olmadığını, dünəndən içdiyi pivənin isə onun indi nəqliyyat vasitəsini normal idarə etməsinə mane olmadığını bildirməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun etirazlarını görən digər bir polis əməkdaşı ona yaxınlaşaraq həll olunacaq xırda bir işi bu qədər böyütməyin heç bir mənasının olmadığını demiş, o da tələsdiyindən, həmin polis əməkdaşına inanıb protokola öz sözləri ilə izahat yazmaq istədiyini bildirmişdir. Polis əməkdaşlarının istədikləri formada yazdırılmış izahatında göstərmişdir ki, “yerində müayinə olundum, bəli, axşam spirtli içki (pivə) qəbul etmişəm. Alkotesterin göstəricisi ilə razıyam”. Bu sözləri protokola yazdıqdan sonra polis əməkdaşlarının dediyi kimi, “asanlıqla və yerindəcə həll olunacaq xırda bir işin” artıq həll olunduğunu güman etmişdir. Sonradan onun barəsində toplanmış materialların məhkəməyə göndərildiyini eşitdikdə çox təəccüblənmiş və polis əməkdaşlarının onu açıqaşkar aldatdıqlarını başa düşmüşdür. Bir daha qeyd edir ki, polis əməkdaşları onun sərxoş-olub-olmadığını yoxlamaqdan ötrü onu narkoloji dispanserə müayinədən keçmək üçün aparmamışlar, sadəcə, sertifikatının olub-olmaması bəlli olmayan aparatla yoxlamışlar, o da polis əməkdaşlarının şirin dilinə inanaraq onların diktəsi ilə protokola izahat yazmışdır. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan 01 dekabr 2021-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,488 promil olması (saat 06:31) aşkar edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, “yerində müayinə olundum, bəli, axşam spirtli içki (pivə) qəbul etmişəm. Alkotesterin göstəricisi ilə razıyam”. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə “yerində müayinə olundum, bəli, axşam spirtli içki (pivə) qəbul etmişəm. Alkotesterin göstəricisi ilə razıyam” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Şəxs tərəfindən verilmiş izahatda sərxoş olması etiraf edilməmiş və onun tərəfindən spirtli içkinin bir gün qabaq qəbul edildiyi vurğulanmışdır. Həmin qeyd edilmiş izahatdan da görünür ki, şəxs sərxoş olması barədə tərtib edilmiş protokola etiraz məzmununda izahat vermişdir. Hazırkı iş üzrə inzibati xətanın olub-olmamasının və inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi üçün maddi sübutlar - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və alkotester adlanan aparatın göstəricisidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, 01 dekabr 2021-ci il tarixdə saat 06:31 radələrində X3inin əməkdaşları tərəfindən saxlanılmış Şəxs içkili olub-olmadığını müəyyən etmək üçün “alkotester” adlanan aparatla yoxlanılmış və göstərici 0,488 promil çıxsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Respublika Narkoloji Mərkəzinə aparılmamışdır. Bundan başqa, “alkotester” adlanan aparatın sertifikatının olub-olmaması, olduğu halda hansı tarixdə qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sənəd əlavə edilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, “alkotester” adlanan aparatın göstəricisi ilə tərtib edilmiş ziddiyətli protokol Şəxs həmin vaxt sərxoş olması qənaətinə gəlinməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Beləliklə, Şəxs sərxoş halda avtomobili idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, onun Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X3 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X3 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar