Məhkəmə qərarları › İş №3(003)-706/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-706/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-706/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs (bundan sonra MMC) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına 25.02.2021-ci il tarixdə “Biləsuvar” gömrük postundan İran İslam Respublikasının vətəndaşı X2 idarə etdiyi 50A42710/50A42810 nömrəli avtomaşınla daxil olmuş və əvvəlcədən adı qeyd olunan cəmiyyət tərəfindən gömrük orqanına **********7298 sorğu nömrəli 24.02.2021-ci il tarixli qısa idxal bəyannaməsi ilə bəyan edilən mallar 26.02.2021-ci il tarixdə “Biləsuvar” gömrük postunda yoxlanarkən mal-müşayiət sənədlərində və qısa idxal bəyannaməsində qeyd edilən yüklərdən əlavə 33 kisə “nanə yarpağı” yükünün içərisindən hər biri 1 kiloqramlıq olan 192 ədəd üzərində “Emperor AKBAR Natural Green İNDİAN Cardamoms” yazısı yazılmış ümumi çəkisi 192 kiloqram təşkil edən hil ədviyyatı yükü aşkar olunmuşdur. 00100-0368/21 saylı inzibati xəta haqqında iş üzrə qeyd olunan malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 192 ədəd üzərində “Emperor AKBAR Natural Green İNDİAN Cardamoms” yazısı yazılmış ümumi çəkisi 192 kiloqram təşkil edən hil ədviyyatının 25.02.2021-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/003-24/001429 nömrəli 03.03.2021-ci il tarixli məktubla müraciət olunmuş adı qeyd olunan mərkəzdən alınmış 9/1325 saylı 20.04.2021-ci il tarixli məhkəmə ekspertizası rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş Hindistan istehsallı üzərində “Emperor AKBAR Natural Green İNDİAN Cardamoms” markalanma göstəricisi olan 1 kq hil ədviyyatının 25.02.2021-ci il tarixə orta bazar qiyməti təxminən 40,00 manat 192 kq-nın qiyməti isə 7680 manat müəyyən edilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X1 tərəfindən 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 7680 (yeddi min altı yüz səksən) manat məbləğinin 40 (qırx) faizi, yəni 3072 (üç min yetmiş iki) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar