Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-71/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki uşağı olan, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində istifadəsində olan “Nissan” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həyətdən baş yola çıxmaq üçün avtomobilini hərəkət etdirmiş, bu zaman bir nəfər qadının avtomobilin sağ güzgüsünə dəyməsini hiss etmiş, avtomobilini bir qədər irəli sürərək saxlamışdır. Həmin qadının yanına gələndə görmüşdür ki, ilk öncə qadın rahat şəkildə yerə oturmuş, sonra isə arxası üstə yerə uzanmışdır. Qadına yaxınlaşaraq ondan hal-əhvalını soruşmuş, onu xəstəxanaya aparmaq istəmiş, lakin birdən-birə qadın səsini yüksəldərək fəryad etmişdir. Qadının səsinə insanlar toplaşmış, bundan sonra bir nəfər insanların köməkliyi ilə qadını Mersedes markalı avtomobilə məcburi şəkildə yerləşdirərək xəstəxanaya aparmışdır. Xəstəxanada həkim müayinəsində keçirilmiş, həkimlər qadında heç bir xəsarət müəyyən edə bilməmişlər. Hazırda özünü təqsirli bilir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:00-da əsas iş yerindən çıxıb əlavə işlədiyi ev təmziliyi iş yerinə gedən zaman əlində telefonla ev sahibi ilə danışa-danışa öz yolu ilə hərəkət etmiş, bu zaman arxadan gələn Şəxs idarə etdiyi avtomobil ilə onu vurmuşdur. Bundan sonra o, huşunu itirərək yerə yıxılmışdır. Hadisə zamanı qolundan, ayağından xəsarət almışdır. O, avtomobil yolunun sağ hissəsində hərəkət etmişdir. Hazırda barışıq yoxdur və şikayətçidir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Nissan” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Şəxs idarə etdiyi “Nissan” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atıcılıq massivində yerləşən Çiy köftə restoranının qarşısı ilə hərəkətdə olan zaman sol məhəllədən çıxan Zərərçəkmiş şəxs vuraraq YÜNGÜL dərəcəli xəsarət almasına səbəb olmuşdur. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 1430 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol dirsəyin, sağrının qançırları, sol ayağın sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək və sol aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs xx.xx.2009-cu il təvəllüdlü Məryəm Abdullazadə və xx.xx.2012-ci il təvəllüdlü Zəhra Abdullazadə adlı iki uşağı vardır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs idarə etdiyi “Nissan” markalı, **- ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən Çiy köftə restoranının qarşısı ilə hərəkətdə olan zaman yolun sağ hissəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs vuraraq sonuncuta YÜNGÜL dərəcəli bədən xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-71/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-71/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver