Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-718/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin 05.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən qəbul edilən 05.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xəzər RPİ-nin 3-ci Polis bölməsinin sahə rəisi İlham İsmayılovun 05.03.2021-ci il tarixli qərarına əsasən İXM-nin 211.2-ci maddəsində təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur.Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, 05.03.2021-ci il tarixdə o, guya Binə qəsəbəsi, Kənd bazarı adlı ərazidə tibbi maskadan istifadə etməyərək xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Halbuki, həmin vaxt o, özünə məxsus obyektdə, yəni çərəz mağazasında olmuşdur. Tibbi maskadan istifadə etmişdir. Mağazada ondan başqa heç kəs olmamışdır. Onun tərəfindən İXMnin 211.2-ci maddəsinin tələbləri pozulmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, 05.03.2021-ci il tarixdə ona İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən onun tərəfindən həmin inzibati xətanın törədilmədiyinin görüntülərinin əks olunduğu cd diski məhkəməyə təqdim edərək, şikayətin təmin edilməsini və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən qəbul edilən 05.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati orqan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılsını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən inzibati xətanın görüntülərinin əks olunduğu cd diskə baxış zamanı X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi aşkar edilmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 05 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə göstərilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi barəsində 05 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən o, 100 manat cərimə edilmişdir. Qeyd edilən qərarın qəbul edilməsinə əsas isə şikayətçinin özünə məxsus mağazada tibbi maskadan istifadə etməməsi olmuşdur. Məhkəmə iclasında 05.03.2021-ci il tarixdə şikayətçiyə İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edildiyi görüntülərin əks olunduğu cd diskə baxış keçirilmiş və baxış zamanı F.Abbasovun həmin vaxt tibbi maskadan istifadə etdiyi və onun təərfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin məhkəmə iclaslarında iştirakı həmin orqan tərəfindən təmin edilməmiş, habelə verilmiş müvafiq sorğulara həmin orqan tərəfindən cavab verilməmişdir. Protokolu müdafiə etmək və həmin inzibati xətanın F.Abbasov tərəfindən törədilməsini sübut etmək vəzifəsi inzibati orqanın üzərində olmasına və məhkəmə iclasının dəfələrlə təxirə salınmasına baxmayaraq orqan öz nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə inzibati xətanın olub-olmamasının və inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi üçün maddi sübutlar - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və xüsusi texniki vasitələrin (cd disk) göstəriciləridir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən qəbul edilən 05.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən qəbul edilən 05.03.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-718/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-718/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver