Məhkəmə qərarları › İş №3(003)-719/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-719/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-719/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Nəqliyyatda Baş Polis İdarəsinin X4 İdarəsinin inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 15 aprel 2025-ci il tarixdə Heydər Əliyev adına X1 sərnişinlərin gedişgəlişlərini pozaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsinin inspektoru X5 tərəfindən 15 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 İdarəsinin inspektoru X5 izahat verərək göstərdi ki, inzibati xəta haqqında protokolu raport əsasında tərtib etmişdir. xx.xx.2025-ci il tarixdə Heydər Əliyev adına X2 2ci Terminalında Şəxs qanunsuz taksi fəaliyyəti göstərdiyinə görə polis idarəsinə dəvət etmişlər. Onun polisə tabesizlik göstərməsi barədə hər hansı məlumatı yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında göstərdi ki, o, bəzən X1 taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə də sərnişin daşımaq üçün oraya gəlmişdir. Avtomobili dayanacaqda saxlayaraq 2-ci Terminalda gözləmə zalına keçmişdir. Heç bir şəxsə nareahatçılqı etməmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olması barədə ona bildirmişdir. Onun taksi fəaliyyəti ilə məşğul olması üçün sənədləri və taksometr qurğusu yoxdur. Məhkəmə iclasında şahid Rövşən Əsgərov ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Heydər Əliyev adına X2 2-ci Terminalında Şəxs qanunsuz taksi fəaliyyəti göstərdiyi üçün polis şöbəsinə dəvət edilmişdir. O, polisə qarşı heç bir tabesizlik göstərməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdə saat 09:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(003)-293/2025 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin edilməsi barədə hər hansı bir sübut mövcud deyil. Onun səs-küy salması bildirilsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olması da sübuta yetirilmir. Belə ki, inzibati xəta haqqında Şəxs tərəfindən polisin qanuni tələblərinə əməl etməməsi göstərilsə də, polisin qanuni tələblərinin nədən ibarət olması və Şəxs tərəfindən həmin tələblərə tabe olmaması barədə hər hansı bir əsas protokolda göstərilməməklə bu barədə sübut da iş materiallarında mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar