Məhkəmə qərarları › İş №3(003)-725/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-725/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-725/2021 24.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 09 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi “Kia Cadenza” markalı, **-SS-*** dövlət nişanlı avtomobil 09.08.2015-ci il tarixdə ona etibarnamə əsasında verilmişdir. Lakin 14.10.2019-cu ildə həmin etibarnamə ləğv edilmişdir. İkinci dəfə 02.03.2021-ci il tarixdə həmin avtomobil etibarnamə əsasında sürməyə ona etibar edilmişdir. Yeni etibarnamə veriləndən sonra onun mobil telefonuna X8 tərəfindən sms gəlmiş və bundan sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası İXMnin 339.1-1-ci maddəsi ilə tərtib edilmiş 09.08.2019-cu il tarixli EQ ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş qərara əsasən 50 manat məbləğində cərimə edilmiş, həmin cərimə ödənilmədiyi üçün avtomobilin üzərinə həbs qoyulmuşdur. İnzibati xətanın törədilməsindən şikayətçinin xəbəri olmayıb. Telefonuna mesaj gələndən sonra Xəzər rayon X7 yaxınlaşıb iradını bildirdikdən sonra ona həmin protokol və qərarın surəti təqdim edilmişdir. Şikayətçi həmin qərarı əldə edikdən dərhal sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayəti müdafiə edərək Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsulliyətə cəlb etmək üçün nəzərdə tutulmuş müddət başa çatdığına görə 09 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki,inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında EQ seriyalı ******* nömrəli, 09 avqust 2019-cu il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüququn müxtəlif sahələrinin hüquqi tənzimlənməsi Konstitusiyada demokratik, hüquqi dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplərə əsaslanmalıdır. Konstitusiya prinsipləri isə öz aralarında ayrılmaz əlaqədədir və hüquq subyektlərinin öz qanuni mənafelərini həyata keçirməsi, qoruması və müdafiəsi üçün eyni əhəmiyyət kəsb edən hüquqi başlanğıcların vahid məcmusunu formalaşdırırlar. Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay kecənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri ücün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorculuğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İlkin Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Lakin şikayətçi öz şikayət ərizəsində həmin inzibati xətanın törədilməsinin predmeti olan “Kia Cadenza” markalı, **-SS-*** dövlət nişanlı avtomobilin 09.08.2015-ci il tarixdə ona etibarnamə əsasında verildiyini, lakin 14.10.2019-cu ildə həmin etibarnamənin ləğv edildiyini qeyd etmişdir. Daha sonra 02.03.2021-ci il tarixdə həmin avtomobil ona ikinci dəfə etibarnamə əsasında verilmişdir. Yeni etibarnamə veriləndən sonra onun mobil telefonuna X8 tərəfindən sms gəlmiş və yalnız bundan sonra onun Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinərək, 09 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında 50 manat məbləğində cərimə edildiyi məlum olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, adıçəkilən qərarın şikayətçi tərəfindən rəsmi olaraq hansı tarixdə qəbul edilməsi ilə bağlı həmin qərarı qəbul etmiş orqana rəsmi sorğu verilsə də, həmin sorğuya tam və hərtərəfli cavab verilməmişdir. Habelə keçiriləcək məhkəmə iclaslarının vaxı və yeri barədə inzibati qərarı qəbul etmiş orqana dəfələrlə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Mövcud qanunvericiliyə əsasən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin göründüyü kimi hazırki iş üzrə inzibati tənbeh vermə müddəti keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar