Məhkəmə qərarları › İş №3(003)-743/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-743/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-743/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatında Baş Polis İdarəsinin X3 İdarəsinin baş inspektoru İsmayılov Ruslan Hicran oğlunun iştirakları ilə, xx.xx.1988-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 məhəllədə yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəlləri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Heydər Əliyev adına X6 ərazisində yüksək səslə mübahisə edərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, bundan başqa, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatında Baş Polis İdarəsinin X3 İdarəsinin baş inspektoru İsmayılov Ruslan Hicran oğlu məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Misir Ərəb Respublikasının vətəndaşı X7 Wahba Hava NPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025ci il tarixdə adını sonradan bildiyi Rafiq adlı taksi sürücüsü və onun tanışı olan digər taksi sürücüsü tərəfindən aldadılaraq ona 100 ABŞ dolları məbləğində maddi ziyan vurması barədə məlumat vermişdir. Araşdırma zamanı məlumat verilmişdir ki, Misir Respublikasının vətəndaşı X7 Wahbanı hava limanından aparan taksi sürücüsü Azərbayçan Respublikası vətəndaşı, Aqstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi kəndi Adıgözəlov küçəsi nömrəsiz evdə yaşayan Şəxs olduğu müəyyən olunmuş, Şəxs Hava NPİ-nin post patrul bölüyünün əməkdaşları tərəfindən idarəyə dəvət olunarkən o, həmin əməkdaşlarla yüksək səslə mübahisə etməklə ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün polis idarəsinə gətirilmişdir. Eyni zamanda barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə dəfələrlə protokol tərtib edərək barəsində 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 15 aprel 2025-ci il tarixdə X4 Hava limanının qarşısında əcnəbi vətəndaşa yaxınlaşaraq ingilis dilində ona taksi lazım olduğunu soruşmuşdur. Həmin əcnəbi Gürcüstan Respublikasına getmək istədiyini ona bildirmişdir. Onlar 300 manat qarşılığında Gürcüstan Respublikası Sərhəddinə gedə biləcəkləri barədə razılığa gəlmişlər. Avtovağzala gedərkən tanışı X1 idarə etdiyi Mercedes markalı **-PY-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşdirmiş və Xəyala ərəb vətəndaşı olan Əhmədi 200 ABŞ dolları müqabilində sərhədə aparılmasını bildirmişdir. 40 manatı isə Hava limanına gətirdiyi üçün özünə götürmüşdür. Səhəri gün ərəb vətəndaşı Əhməd ona telefonda yazaraq bildirdi ki, onu sərhəddən buraxmadılar və o, 70 ABŞ dollarına X4 Hava limanına qayıtdığını və tanışı onu 100 ABŞ dolları bahasına apardığını bildirdi. Ondan hava limanına gəlməsini xahiş etdi. O, xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində hava limanının qarşısında olan zaman polis əməkdaşları onu X8 İdarəsinə aparmaq istəyərkən onlara qarşı tabesizlik göstərdiyini, hal-hazırda əməlindən peşiman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatında Baş Polis İdarəsinin X3 İdarəsinin PPX-i bölüyü bölük komandirinin müavini X2 izahatında bildirmişdir ki, Misir Respublikasının vətəndaşı X7 Wahbanı hava limanından aparan taksi sürücüsü Azərbaycan Respublikası vətəndaşı, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi kəndi Adıgözəlov küçəsi nömrəsiz evdə yaşayan Şəxs olduğu müəyyən olunmuş, Şəxs Hava NPİ-nin post patrul bölüyünün əməkdaşları tərəfindən idarəyə dəvət olunarkən o, həmin əməkdaşlarla yüksək səslə mübahisə etməklə ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün polis idarəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:20-də tutulmuşdur. 17 aprel 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Misir Ərəb Respublikasının vətəndaşı X7 Wahba Hava NPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə adını sonradan bildiyi Rafiq adlı taksi sürücüsü və onun tanışı olan digər taksi sürücüsü tərəfindən aldadılaraq ona 100 ABŞ dolları məbləğində maddi ziyan vurması barədə məlumat vermişdir. Şəxs Hava NPİ-nin post patrul bölüyünün əməkdaşları tərəfindən idarəyə dəvət olunarkən o, həmin əməkdaşlarla yüksək səslə mübahisə etməklə ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün polis idarəsinə gətirilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq etməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Əməlindən səmimi peşman olması İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə protokol tərtib etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatında Baş Polis İdarəsinin X3 İdarəsinin gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbs etməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «17» aprel 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar