Məhkəmə qərarları › İş №3(003)-748/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-748/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-748/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X7 nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 18 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-153/2018 nömrəli 16 mart 2018-ci il tarixli icra vərəqəsinə əsasən X4 və (Zeynalova) X1 16445 (on altı min dörd yüz qırx beş) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına məzənnə ilə) və ödənilmiş dövlət rüsumuna görə rüsumuna görə 45 (qırx beş) manat alınaraq tələbkar X9 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-153/2018 nömrəli 16 mart 2018-ci il tarixli icra sənədini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu Şəxs Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında bu günə qədər yığılmış 10.000 (on min) ABŞ dolları borcunu hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan icra sənədini indiyə qədər tam icra etməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X7 nümayəndəsi X10 göstərdi ki, borclu Şəxs icra sənədi üzrə bu günə qədər yığılıb qalmış 10.000 (on min) ABŞ dolları borcunu birdəfəyə bütöv şəkildə ödəməkdən yayınır. Borcunun tam ödənilməsini tələb edir. Lakin məhkəmə baxışı zamanı borclu ilə razılaşaraq ödənilməyən borcun hər ay 250 (iki yüz əlli) manat olmaqla ona ödənilməsi barədə razılıq əldə etmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, digər borclu olan anası X4 07 yanvar 2021-ci il tarixdə vəfat etdikdən sonra onun maddi vəziyyəti çox pisləşmişdir. Çünki, heç bir yerdə işləmir, pandemiya dövründə iş yerlərinin əksəriyyəti bağlanmışdır, onun himayəsində 6 və 7 yaşında iki qız uşağı vardır, onları yeganə qazanc yeri olan - tələbkar X6 aldığı 320 (üç yüz iyirmi) manat məbləğdə alimentlə birtəhər dolandırır, qənaət edə bildiyi pulu isə borcunu ödəməyə yönəldir. Anası vəfat etdikdən sonra atası mərhum anasının vərəsəsi kimi tanınmışdır və bundan sonra mərhum anasının 250 (iki yüz əlli) manat məbləğində pensiyasını alıb ona verəcək, o da həmin məbləği hər ay tam şəkildə borcun ödənilməsinə yönəldəcəkdir. Bu barədə tələbkar X7 nümayəndəsi – keşmiş qaynanası X10 ilə yazılı razılıq əldə etmişdir. Həmin razılığın surətini məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs himayəsində 6 və 7 yaşlı iki qız uşağı vardır, heç bir yerdə işləmir, yeganə qazanc yeri tələbkar – keçmiş əri X6 iki uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün aldığı 320 (üç yüz iyirmi) manat məbləğdə alimentdir. Digər borclu olan anası X4 07 yanvar 2021-ci il tarixdə vəfat etdikdən sonra onun maddi vəziyyəti çox pisləşmiş və o, maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 10.000 (on min) ABŞ dolları borcunu birdəfəyə bütöv şəkildə ödəyə bilməmiş, lakin məhkəmənin gedişində bundan sonra hər ay 250 (iki yüz əlli) manat olmaqla borcunu müntəzəm ödəyəcəyi barədə tələbkar X7 nümayəndəsi – keşmiş qaynanası X10 ilə yazılı razılıq əldə etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar