Məhkəmə qərarları › İş №3(003)-750/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-750/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-750/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 28 iyun 1986-cı il tarixdə Qax rayonunun Qaşqaçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X6 nömrəsiz evdə yaşayan barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 07 aprel 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs 07 aprel 2023-cü il tarixdə saat 09:30 radələrində Binə qəsəbəsində polis işçilərini təhqir etmiş və tabesizlik göstərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı X7 izahatında göstərdi ki, Şəxs 07 aprel 2023-cü il tarixdə saat 09:30 radələrində Binə qəsəbəsində polis işçilərini təhqir etmiş və tabesizlik göstərmişdir. Bu fakt vətəndaşın izahatı və polis əməkdaşlarının tərtib etdiyi raportla təsdiq edilir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 07 aprel 2023-cü il tarixdə saat 09:30 radələrində özünə məxsus “Mersedes” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsi “Ülvi” ticarət mərkəzinin yanında “241” saylı avtopatrulu görmüş və sürücülük vəsiqəsini soruşmuş, “məhkəməyə göndərmişik” cavabını aldıqdan sonra “sağ olun” deyərək avtomobillə hərəkətə başlamışdır. Məscidin yanına çatdıqda polis əməkdaşı “saxla” əmrini vermiş və ona yaxınlaşaraq “mənə niyə sifət edirsən” deyə soruşmuşdur. O da ondan onu nəyə görə saxladığını soruşmuş, polis əməkdaşı isə ona “yekəbaşlıq edirsən” demişdir. Maşınını yolun qırağına çəkərək saxlamiş və “102”-yə zəng edərək məlumat vermişdir ki, polis əməkdaşı Nurlan Hümbətov onunla prinsip aparır və nə edəcəyini bilmir. X8 maşını cərimə meydançasına aparacağını demiş, o da onunla razılaşmışdır. Nurlan onu Binə qəsəbəsində yerləşən 3-cü Polis Şöbəsinə apaacağını demiş, o da etiraz etməyərək polis əməkdaşlarının arxası ilə maşınını şöbəyə sürmüşdür. Orada 3-4 saat qapalı şəraitdə saxlanılmışdır. Ürəyi xəstədir, şikayət edəcəkdir, çünki həmin hadisədən bir gün əvvəl Nurlan Hümbətov onun barəsində Azərbaycan Respublikasının İXM-nin 511-ci maddəsi ilə avtoxuliqanlığa görə protokol tərtib edərək avtomaşınını cərimə meydançasına aparmış və ona qarşı qeyri-qanuni tələb irəli sürmüşdür. O, həmin vaxt “102”-yə zəng edib bu barədə məlumat vermiş, bundan sonra maşınını buraxmış, sürücülük vəsiqəsini isə saxlamışlar. Nurlan Hümbətov buna görə ondan hayıf almaq üçün onu cəzalandırır. O, polis əməkdaşlarını təhqir etməmiş və onlara tabesizlik göstərməmişdir. Heç bir günahı yoxdur, o, özü bu işdə zərərçəkmiş şəxsdir, onu hədə-qorxu ilə Polis şöbəsində saxlayıblar. Əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində olan hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ DYPŞ-nin polis baş serjantı X4 izahatında göstərdi ki, 07 aprel 2023-cü il tarixdə saat 09:30 radələrində Binə qəsəbəsində digər iş yoldaşı ilə xidmətdə olarkən bir gün əvvəl barəsində Azərbaycan Respublikasının İXM-nin 511-ci maddəsi ilə avtoxuliqanlığa görə protokol tərtib etdiyi Şəxs idarə etdiyi “Mersedes” markalı avtomaşını onların yanına sürərək kobud ifadələrlə “sürücülük vəsiqəm haradadır” deyə soruşmuş, o da cavab vermişdir ki, sənədləşmədən sonra sürücülük vəsiqəsi lazım olarsa, qaytarılacaqdır. Şəxs isə söyüş ifadələri işlədərək avtomaşınına yüksək qaz verib sürmüş və orada olan vətəndaşlara qarşı nümayişkaranə surətdə hörmətsizlik etmişdir. Onlar da onu saxlayıb 3-cü Polis Şöbəsinə dəvət etmişlər. Onu da bildirir ki, ötən gün Mehdinin maşınının buraxılması ilə bağlı şöbə rəisinə də məlumat vermiş, onun özündən bu barədə soruşduqda isə “özüm buraxdırmışam” cavabını vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ DYPŞ-nin polis baş serjantı X1 da oxşar, eyni məzmunli ifadə verərək şahid X2 göstərdiklərini təsdiq etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşır və belə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətinionun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar