Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-753/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Şikayətçi qeyd edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, 08 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, o, 06.05.2021ci il tarixdən qeydiyyatsız yaşayır. Bu səbəbdən də o, İXM-nin 575.1.1 -ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. Nəzərə alınmalıdır ki, həmin tarixdə o, xəstə olub və 29 nömrəli Xəstəxanada ambulator müalicə almışdır və ona görə də üzrlü səbəbdən 2 gün müddətinə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmaqda gecikmişdir. Qeyd edilənlərə əsasən şikayətçi həmin qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi və inzibati xəta haqqında qərarı qəbul etmiş inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə şikayətçi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 08.05.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan ambulator kitabçadan çıxarışın surətindən görünür ki, X2 15.05.2021-ci il tarixdə 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında ambulator müalicəyə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 08.05.2021-ci il tarixdə barəsində protokol tərtib edilərək, həmin protokol əsasında qəbul edilmiş qərar ilə 300 manat məbləğində cərimə edilmişdir. Şikayətçi öz şikayət ərizəsində 06 may 2021-ci il tarixdə 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında ambulator müalicəyə qəbul edildiyini və bu faktın onun həmin tarixdən etibarən Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız yaşamasına səbəb olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, şikayətçiyə Azərbaycan Respublikasının ərazisində qeydiyyat əsasında yaşamaq üçün verilən müddət 06 may 2021-ci il tarixdə bitmişdir. Şikayətçi həmin tarixdən etibarən Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız yaşamasını 06 may 2021-ci il tarixdə 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında ambulator müalicəyə qəbul edilməsi ilə əlaqələndirmişdir. Lakin iş materiallarında olan xəstənin ambulator kitabçasından çıxarışın surətindən görünür ki, şikayətçi yalnız 15 may 2021-ci il tarixdə 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında ambulator müalicəyə qəbul olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, şikayətçinin öz ərizəsində qərarın ləğvi üçün göstərdiyi olunan hal əsaslı olmadığından məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-753/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-753/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver