Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-763/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1, tələbkar X2 iştirakları ilə X7 xx xxxxxx 1973-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində kirayədə yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 31 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu X9 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-981/2010 saylı, 20 may 2010-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-981/2010 saylı, 20 may 2010-cu il tarixli icra sənədinə əsasən X5 30 aprel 2010-cu il tarixdən başlayaraq X2 xeyrinə 18 sentyabr 2005-ci il təvəllüdlü X3 və 30 avqust 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 22 may 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu çağırışlara gəlmədiyindən 02 noyabr 2018-ci il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. 16 oktyabr 2020-ci il tarixdə isə borclunun barəsində axtarış elan olunmuşdur. Borclu tələbkara olan aliment borcundan sonuncu dəfə 2022-ci ilin aprel ayında 50 manat, may ayında 50 manat olmaqla ödəniş etsə də, 1315 manat borcu yaranmışdır. Öz hərəkətləri ilə X9 qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmədə işə baxılan müddətdə borclu tələbkara olan aliment borcundan 390 manat ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar X8 göstərdi ki, borclu əvvəllər aliment borcunu hər ay vaxtında ödəsə də, iki il olar ki, vaxtında ödəniş etmir. Məhkəmədə işə baxılan müddətdə borclu 390 manat ödəniş etmişdir. Məhkəmədən borclu tərəfindən alimentin hər ay vaxtında ödənilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X9 göstərdi ki, 01 yanvar 2022-ci il tarixdə tələbkara 915 manat aliment borcu olmuşdur. Bundan əlavə 5 ay üçün 1400 manat ödəniş etməli idi. Lakin o, 2022-ci ilin fevral ayından 31 mayadək tələbkara 840 manat aliment ödəmişdir. Hazırda işləmir və ölkənin quru sərhəddi açılanda alimenti tam olaraq ödəyəcəkdir. Məhkəmədə işə baxılan müddətdə tələbkara 390 manat ödəniş etmiş və alimentin hər ay vaxtında ödənilməsi ilə bağlı tələbkarla razılığa gəldiyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 981/2010 saylı, 20 may 2010-cu il tarixli icra vərəqəsindən görünür ki, X5 30 aprel 2010-cu il tarixdən başlayaraq X2 xeyrinə 18 sentyabr 2005-ci il təvəllüdlü X3 və 30 avqust 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli qəbzin surətindən görürür ki, X9 190 manat ödəniş etmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli qəbzin surətindən görürür ki, X9 200 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, X9 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 981/2010 saylı, 20 may 2010-cu il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda isə borclu tələbkara olan aliment borcundan ödəniş etmiş və qalan borcun vaxtında ödənilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-763/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-763/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver