Məhkəmə qərarları › İş №3(003)-770/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-770/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-770/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə FZ709 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs (C********) özü ilə birlikdə gətirdiyi 1 ədəd İMEİ kodları **********51725 və **********57700 olan “İphone 15 Pro Max, Natural Titanium 256GB” markalı mobil telefonu gömrük orqanına təqdim edərək həmin mobil telefonun original olmadığı üçün (saxta olmuşdur) 100 ABŞ dollarına aldığını bildirərək rəsmiləşdirilməsini xahiş etmişdir. "T1" Terminalının gəliş zalında öz xidməti vəzifələrini icra edən HNBGİ-nin Sərnişin şöbəsinin inspektoru X2 tərəfindən təqdim olunan mobil telefonla bağlı məlumatların yoxlanılması zamanı sözügedən mobil telefonun İMEİ kodlarının həqiqətən də "İphone 15 Pro Max" markalı mobil telefona aid olduğu məlum olmuş və bu səbəbdən də həmin mobil telefon araşdırılma zərurəti ilə əlaqədar olaraq protokol əsasında götürülmüşdür. Şəxs götürülmüş mobil telefon ekspertizadan keçirilməkdən ötrü, xx.xx.2024-cü il tarixli qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli 9/2403-5/372 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş "İphone 15 Pro Max" markalı "A3106" modelli mobil smartfon orijinal "Apple" məhsulu olan "İphone" markalı mobil smartfonun spesifikasiyasına uyğun olmadığı, həmin smartfonda olan əmtəə nişanı ******* - İPHONE nömrəli beynəlxalq qeydiyyatda olan "İphone" əmtəə nişanı ilə eyni olduğu, həmçinin təqdim edilmiş 1 ədəd üzərində "İphone" yazısı olan, orijinal olmayan mobil telefonun xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 200 manat (iki yüz AZN) olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Dubay-Bakı aviareysi ilə gələn zaman “İphone 15 Pro Max, Natural Titanium 256GB” markalı mobil telefonu gömrük orqanına bəyan etmiş, telefonun original olmadığını, dəyərinin 100 ABŞ dolları olduğunu, satış məqsədi olmadan şəxsi istifadəsi üçün aldığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana rəsmi məlumat verilməsinə baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “İphone 15 Pro Max” markalı, “A3106” modelli mobil smartfon orijinal “Apple” məhsulu olan “İphone” markalı mobil smartfonun sertifikasiyasına uyğun deyildir. Tədqiqata təqdim edilmiş “İphone 15 Pro Max” markalı, “A3106” modelli mobil smartfonda olan əmtəə nişanı 1303517-İPHONE nömrəli beynəlxalq qeydiyyatda olan “İphone” əmtəə nişanı ilə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd üzərində “İphone” yazısı olan, orijinal olmayan mobil telefonun xx.xx.2023-cü il tarixə orta qiyməti təxminən 200,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən gətirilən bir ədəd "İphone 15 Pro Max" markalı "A3106" modelli mobil smartfonun orijinal "Apple" məhsulu olan "İphone" markalı mobil smartfonun spesifikasiyasına uyğun olmadığı, həmin smartfonda olan əmtəə nişanının ******* - İPHONE nömrəli beynəlxalq qeydiyyatda olan "İphone" əmtəə nişanı ilə eyni olduğu, həmçinin təqdim edilmiş 1 ədəd üzərində "İphone" yazısı olan, orijinal olmayan mobil telefonun xx.xx.2023-cü il tarixə olan orta bazar qiymətinin təxminən 200 manat (iki yüz AZN) olduğu aşkar olunmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 448-ci maddəsinin dispozisiyasına əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. İnzibati xətalara dair qanunvericiliyin mənasına görə inzibati məsuliyyətə cəlb olunması üçün şəxs İXM-in xüsusi hissəsində nəzərdə tutulmuş xətanın bütün əlamətlərini daşıyan hüquqazidd əməli təqsirli törətmiş olmalıdır. Məhkəmə həmçinin bildirir ki, inzibati xəta qəsdən və ya ehtiyatsızlıq formasında törədilir. Hazırki işin hallarından şəxsin inzibati xətanı qəsdən və ya ehtiyatsızlıqdan törətməsi müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında mobil telefonu öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, şəxsin gətirdiyi telefonun saxta və ya dövlət standartlarının tələblərinə uyğun olmamasını bilməsi mümkün deyildir. Çünki şəxs həmin telefonu öz istifadəsi üçün almışdır. Əgər şəxs bir neçə telefonu satış məqsədi ilə gətirsəydi və şəxsin həmin telefonları satmaqla gəlir əldə etmək məqsədi olsaydı bu halda həmin telefonların saxta və ya dövlət standartlarının tələblərinə uyğun olmamasını qabaqcadan müəyyən etmək onun marağında olardı. Həmçinin məhkəmə qeyd edir ki, İXM-nin 448-ci maddəsi ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslində yerləşir. Bu fəsil özündə hər hansı bir sahibkarlıq fəaliyyətinin pozulması nəticəsində yaranan inzibati xətaları əhatə edir. Hazırki iş üzrə şəxsə istinad edilən xəta isə hər hansı bir sahibkarlıq, yəni ticarət qaydaları əleyhinə olan fəaliyyəti ilə bağlı deyildir. Belə ki, şəxsin öz istifadəsi üçün telefon alması onun sahibkarlıq və ya ticarət məqsədi güdmədiyini sübut edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5.2-ci madəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 82.1-ci maddəsində bütün şəxslərin malları Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malik olduğu göstərilmişdir. Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin anbarında saxlanılan **********51725/**********57700 İMEİ kodlu mobil telefon qərar qanuni qüvvəyə mindikdən və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin anbarında saxlanılan **********51725/**********57700 İMEİ kodlu mobil telefon qərar qanuni qüvvəyə mindikdən və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar