Məhkəmə qərarları › İş №3(003)-787/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-787/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-787/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə X2 08 mart 1965-ci ildə Lerik rayonu, Veri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, üç uşağı olan, orta təhsilli, işləməyən, İ qrup əlil, təqaüdçü, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan haqqında Xəzər RPİ-nin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 iyun 2022-ci il tarixli protokola əsasən X3 05 iyun 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Uğur marketin yanında səs-küy salaraq nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 iyun 2022-ci il tarixli protokola əsasən X3 05 iyun 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində polis əməkdaşlarının qanuni tələb və göstərişlərinə tabe olmamışdır. Bununla da, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, İ qrup əlil olmaqla 240 manat təqaüd alır. 05 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Xəzər rayonu, Binə qəsəbəsində taksidə gedərkən həmin avtomobili saxlatdırmışlar və polislərin onu izlədiyini bildirmişlər. Bu zaman polis sahə rəisi Fərid Hüseynov ona yaxınlaşaraq oğlu Seyranın harada olmasını soruşmuşdur. Buna görə də, sahə rəisi ilə aralarında xırda mübahisə olmuşdur. Sonra onu 3-cü Polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən səmimi peşman olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olmasını bildirərək məhkəmədən ona yüngül cəzasının təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X4 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3cü Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 05 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Uğur marketin yanında X3 polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyindən post pastrul xidməti bölüyünün əməkdaşları və sahə rəisi Fərid Hüseynov onu dəfələrlə polisin qanuni tələblərinə tabe olmağa çağırmışlar. X5 polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Ona görə də, həmin şəxsi etdiyi hərəkətlərə görə 3-cü Polis şöbəsinə dəvət etmişlər. Ona görə də, həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi üçün 3-cü Polis şöbəsinin rəisinə raportla müraciət etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X1 nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub xırda xuliqanlıq etmiş və polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş 010785 nömrəli vəsiqənin surətindən görünür ki, X3 ömürlük İ qrup əlildir. Məhkəmə X2 əməlini etiraf etməsini, səmimi peşmançılığını, üç uşağının olmasını və İ qrup əlilliyini məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə X2 məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, X3 eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Cəza təyin edərkən məhkəmə X2 şəxsiyyətini, heç yerdə işləməməsini, təqaüdçü olmasını, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb məhkəmə hesab edir ki, Məzahir Cahangirov İ qrup əlil olduğu üçün onun barəsində maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq oluna bilməz. Bu səbəbdən onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 48- 51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar