Məhkəmə qərarları › İş №3(003)-788/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-788/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-788/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər DYPŞ YNH üzrə baş inspektoru, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 19 yanvar 1984-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-texniki təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu T.İsmayılov küçəsində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ordubadi küçəsi dalğa düşərgəsində yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: 24 may 2022-ci il tarixdə Şəxs “Mercedes” markalı **-MB-*** qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunda hərəkətdə olan zaman idarəetməni itirərək hasara dəymiş, nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 06 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxslər - Bakı şəhəri Xəzər DYPŞ YNH üzrə baş inspektoru, polis mayoru X5 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 24 may 2022-ci il tarixdə “Mercedes” markalı **-MB-*** qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunda hərəkətdə olan zaman idarəetməni itirərək hasara dəymiş, nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bu səbəbdən barəsində müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 327.8 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 25 may 2022-ci il tarixli, 590 saylı rəyində görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – hər iki baldırın, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud-çanaq oynağının və beloma nahiyyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun X6 publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 24 may 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 mart 2022-ci il tarixli qərardan müəyyən olunur ki, 24 may 2022-ci il tarixdə Şəxs “Mercedes” markalı **-MB-*** qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunda hərəkətdə olan zaman idarəetməni itirərək hasara dəymiş, nəticədə X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 333.3-ci maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs və əməlindən peşman olması iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla, cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 19 yanvar 1984-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortatexniki təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu T.İsmayılov küçəsində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ordubadi küçəsi dalğa düşərgəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar