Məhkəmə qərarları › İş №3(003)-795/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-795/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-795/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni sahə ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 26 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində ictimai asayişi pozaraq nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 26 aprel 2025-ci il tarixdə ** YP *** saylı PPX avtomobili ilə xidmətdə olarkən Binə qəsəbəsi Ə.İsazadə küçəsində hərəkətdə olan ** SE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs kəmərdən istifadə etmədiyi üçün saxlanılmış və saxlanılarkən onun içkili vəziyyətdə olması aşkar edilmişdir. Onun tibbi müayinədən keçilməsi üçün dəvət etsələrdə o bundan imtina edərək polis əməkdaşlarına qarşı tabesizlik göstərərək nəlayiq ifadələr səsləndirmişdir. Nəticədə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsindən köməklik istənilmiş və onların köməyi ilə Şəxs Polis Şöbəsinə təhvil verilmişdir. Polis Şöbəsinə təhvil verildikdən sonra barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, özünü ona elan edilmiş maddələr üzrə təqsirli bilmir. Belə ki, o, 26 aprel 2025-ci il tarixdə içkili vəziyyətdə olduğundan avtomobilində əyləşərək ayıq sürücünü gözləmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. Sonra ondan içkili olubolmadığını müəyyən etmək üçün tibbi müayinə olunması bildirildikdə o bundan imtina etmişdir. Belə ki, onun avtomobilinin duracağa aparılmasını və onunda tibbi müayinə olunmalı olduğu deyilmişdir. O sadəcə avtomobilinin evakuator vasitəsi ilə aparılmasını bildirsədə, nəticədə tabe olmuşdur. O polis əməkdaşlarının hər bir qanuni tələbinə tabe olmuş, heç bir qeyri etik ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin yol polis şöbəsi yol-patrul xidməti inspektoru polis kiçik serjantı X3 bildirmişdir ki, 26 aprel 2025-ci il tarixdə ** YP *** saylı PPX avtomobili ilə xidmətdə olarkən Binə qəsəbəsi Ə.İsazadə küçəsində hərəkətdə olan ** SE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs kəmərdən istifadə etmədiyi üçün saxlanılmış və saxlanılarkən onun içkili vəziyyətdə olması aşkar edilmişdir. Onun tibbi müayinədən keçilməsi üçün dəvət etsələrdə o bundan imtina edərək onlara qarşı tabesizlik törətmişdir. Nəticədə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsindən köməklik istənilmiş və onların köməyi ilə Şəxs Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 26 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində ictimai asayişi pozaraq nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 26 aprel 2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2025ci il tarixdə inzibati qaydada tutulmuşdur. Sərxoşluğun müəyyən edilməsinə dair 26 aprel 2025-ci il tarixli protokoldan görünür ki, o, sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və və onun həbsdə saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ona tətbiq ediləcək cərimə məbləğində nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. . Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs həbsdə saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 gün nəzərə alınaraq onun üzərində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar