Məhkəmə qərarları › İş №3(003)-797/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-797/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-797/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 14 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinbdə Şəxs idarə etdiyi “Vaz 2107” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Nissan Tida” minik markalı, **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 yüngül dərəcəli bədən xəsarətləri, Şəxs isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdırlar. Toplanmış material üzrə araşdırma aparılmış, araşdırma nəticəsində yol-nəqliyyat hadisəsinin iştirakçılarının əməllərində cinayət tərkibi olmadığından Xəzər RPİ Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elvin Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hər iki şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Xəzər rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətmədiyini, həmçinin Xəzər RPİ Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elvin Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məhkəmə nəzarəti qaydasında şikayət verdiyini və hazırda həmin şikayətin Xəzər rayon Məhkəməsinin icraatında olduğunu qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsiin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin (hakim Tərlan Əkbərov) 6(00)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli bildirişinin surətindən görünür ki, Şəxs Xəzər RPİ Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elvin Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hazırki iş üzrə təhqiqat orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məhkəməti nəzarəti qaydasında şikayət vermiş və həmin şikayət məhkəmə tərəfindən icraata götürülərək mahiyyəti üzrə baxılır. Bu səbəbədən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 02 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar