Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-8/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin TP6856759 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin TP6856759 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı olmaqla, ali təhsilli, xarici dillər üzrə mütəxəssisdir. Ailəli, ailə başçısı, azyaşlı, körpə övlad atasıdır. “QARABAĞ” müharibəsi, aprel döyüşləri iştirakçısı, ehtiyatda olan hərbiçi çavuşdur. Dəfələrlə mənəvi, psixoloji sarsıntılar keçirmiş, mütəmadi olaraq haldan hala düşən (səhhəti pisləşən), işləməyən, işsiz kimi qeydiyyatda olan, ailəsini güc bəla ilə dolandırmağa çalışan şəxsdir. xx.xx.2024-cü il tarixdə, təqribən saat 16 radələrərində Bakı şəhəri, Arif Heydərov küçəsində yerləşən həyətlərin (binaların) birindən çıxaraq, əsas yola çıxaraq sağa doğru hərəkət etmişdir. Həmin yola bir az hərəkət etdikdən sonra yolun sola dönən xətti ilə, “X4” Qanuna uyğun hərəkət edərək arxaya qayıtmışdır. Həmin vaxt orada olan, gizlənən yol polisi əməkdaşı onu saxlayaraq qayda pozduğunu, geriyə qayıtmaq icazəsinin olmadığını bildirmiş və onu cərimə edəcəyi ilə hədələməyə başlamışdır. Ona arxaya qayıtdığı yerdə zolağın sola döndüyünü, qanunla yolda sola dönməyə xətt, icazə olduğu halda arxaya da dönməyə icazə olduğunu, həmin yerdə heç bir qadağanedici nişanın olmadığını, cərimə, o cümlədən də qanunsuz cərimə ödəmək imkanının olmadığını və s. bildirsə də, o bunlara məhəl qoymamış və onun barəsində protokol tərtib etmişdir. Həmin protokolun surətini ona verməkdən imtina etmişdir. Daha sonra telefonuna hədə qorxular (cərimə olumusunuz, həbs qoyulacaq və s.) dolu məlumatlar göndərilməyə başlanılmışdır. Dəfələrlə müraciətdən, tələbdən bir müddət sonra xx.xx.2024-cü il tarixlə qanunsuz tərtib edilmiş qərarın surətini almaq mümkün olmuşdur. Hesab edirik ki, yol polisi əməkdaşının əməlləri, tərtib etdiyi protokol, qərar qanunsuz və əsassızdır. Buna əsasən də, məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclaslarında X2 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, hərəkətdə olduğu yolun bir tərəfli istiqamətdə olması, həmçinin geri manevr etməyin qadağan edilməsi barədə yol nişanları olmamışdır. Həmçinin bildirdi ki, hərəkətdə olan yol iki zolaqdan ibarət ibarət olmuş və digər hissədə avtomobillər hərəkətdə olmuşlar. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin xx.xx.2024cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin xx.xx.2024cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, İXP6654794 nömrəli protokol əsasında X2, xx.xx.2024-cü il tarixində, saat 16:30-da Bakı şəhəri, Arif Heydərov küçəsi, 63, Funda klinikasının yanı ərazisində idarə etdiyi “BYD OİN PLUG-İN HİBRİD” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi səbəbindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Arif Heydərov küçəsi, 63, Funda klinikasının yanı ərazisində X2, “BYD OİN PLUG-İN HİBRİD” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli yolda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi səbəbindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Şikayətin əsasını isə inzibati xətanın törədilməsi istinad edilən yolun birtərəfli yol olmaması, həmçinin həmin yolda geri manevr etməyin qadağan edilməsi və ya digər yol nişanlarının olmaması halları təşkil edir. Eyni zamanda müəyyən olunur ki, törədilməsində istinad edilən inzibati xəta ilə bağlı X1 razılaşmaması nəzərə alınmamış və bu razılaşmamanın əsasları ətrafında səlahiyyətli orqan tərəfindən əlavə araşdırma aparılmadan X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu hal inzibati tənbeh tədbiri haqqında qərarda göstərilməməklə şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada Bakı şəhər Baş X5i İdarəsinə məlumat verilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də, şikayət qismən əsaslı hesab edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-8/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-8/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver