Məhkəmə qərarları › İş №3(003)-80/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-80/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-80/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 25 noyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi haqqında iş üzrə qərarından Ramiz İbrahimzadə tərəfindən verilmiş şikayət ərizəsi baxılmağa hazırlayarkən, m ü ə y y ə n e t d i m: Ramiz İbrahimzadə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 25 noyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət və digər materiallar natamam olduğuna və düzgün tərtib edilmədiyinə görə geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan və iş materiallarına əlavə edilmiş şikayət ərizəsindən görünür ki, müvafiq hadisə Suraxanı rayonu ərazisində baş vermişdir. Bundan başqa, şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 25 noyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etsə də, şikayətinə qeyd edilən qərarı əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci və 3-cü bəndlərinin məzmunu aşağıdakı kimidir: “Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarından göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsi ilə müəyyən edilmiş qayda üzrə deyil, həmin Məcəllənin 110.1-ci maddəsi ilə müəyyən edilmiş qayda üzrə verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarından göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi ilə müəyyən edilmiş qayda üzrə deyil, həmin Məcəllənin 110.1-ci maddəsi ilə müəyyən edilmiş qayda üzrə verilməlidir. Yəni səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilir. İşin faktik hallarından görünür ki, inzibati xəta Bakı şəhəri Suraxanı rayonu ərazisində baş vermişdir. Ramiz İbrahimzadənin yaşayış yeri Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi 3 saylı Əlillər evidir, lakin o, şikayətinə yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqe nəzərə alınmaqla Ramiz İbrahimzadənin şikayətinə (şikayətin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə) Xəzər Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə, yəni Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğundan, həmçinin, şikayətinə yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət vermədiyindən Ramiz İbrahimzadənin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 25 noyabr 2021-ci il qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Ramiz İbrahimzadə tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar