Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-803/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 333.1 və 329.1-ci maddələri ilə Bakı şəhəri BPİ X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən 17 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs 17 may 2021-ci il tarixdə “HUNDAY” minik markalı **-SR-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Bakı şəhəri BPİ X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə dəfələrlə bildiriş göndərilmiş, lakin Bakı şəhəri BPİ X4 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin direktoruna iki dəfə məktubla müraciət edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tibbi müayinəsini keçirmiş səlahiyyətli əməkdaşın məhkəmə iclasında iştirakının təmin olunması xahiş edilmiş, lakin həmin müraciətlərə heç bir reaksiya verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 17 may 2021-ci il tarixdə, saat 08:17 radələrində idarə etdiyi “HUNDAY” minik markalı **-SR-*** qeydiyyat nişanlı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən Xəzər rayonu ərazisində YPX əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. YPX əməkdaşı ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o da bir gün əvvəl az miqdarda viski qəbul etdiyini, lakin hazırda sərxoş olmadığını demişdir. Alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamışlar və alkotesterin göstəricisinə əsasən sərxoşluq dərəcəsinin 0,715 promil müəyyən olunmuşdur. Polislər onu aldadaraq və onun sərxoş olmadığını bildirərək alkotesterdən istifadəyə dair protokolda alkotesterin göstəricisi ilə razı olduğu, həkimə getməyə ehtiyac olmadığı, bir daha belə halda maşın idarə etməyəcəyi barədə qeyd yazaraq imza etməyini demişlər. O da tələsdiyi və sərxoş olmadığına əmin olduğu üçün YPX əməkdaşına inanaraq həmin protokolda onun dediyi kimi yazmışdır. Sonradan YPX əməkdaşı heç bir hal şahidinin iştirakı olmadan onun barəsində guya sərxoş olması barədə protokol tərtib etmiş və idarə etdiyi avtomobili cərimə meydançasına yerləşdirmiş, ona isə Bakı şəhəri BPİ DYPİ-də 19-cu otağa müraciət etməsini bildirmişdir. Polis əməkdaşlarının onu aldatdığını başa düşüb bir daha onlara sərxoş olmadığını deyərək özü gedib tibbi müayinədən keçmiş və ayıq olduğu müəyyən olunmuşdur. Bu barədə tərtib edilmiş 1/731 nömrəli protokolu aparıb Bakı şəhəri BPİ DYPİ-də 19-cu otaqda adını bilmədiyi əməkdaşa təqdim etmiş, lakin o, həmin protokolu qəbul etməyərək məhkəməyə təqdim etməyini bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən, o, öz təqsirsizliyini sübut etməyə borclu deyildir və təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir, əməlində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 17 may 2021-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğunun 0,715 promil olması (saat 08:17) aşkar edilmişdir. İş materiallarında olan 17 may 2021-ci il tarixli, 1/731 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 11:45) aşkar edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs tərəfindən belə bir qeyd yazılmışdır: “YPX inspektoru tərəfindən saxlanıldım, yoxlama zamanı 0,715 promil spirtli içki qəbulu göstərildi, bunun səbəbi viski qəbul etdiyim idi, alkotesterin göstəricisi ilə razıyam, həkimə getməyə ehtiyac yoxdur, söz verirəm bir daha belə halda maşın idarə etməyəcəyəm, İzahatı özüm yazdım, imza ilə təsdiq edirəm”. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə “YPX inspektoru tərəfindən saxlanıldım, yoxlama zamanı 0,715 promil spirtli içki qəbulu göstərildi, bunun səbəbi viski qəbul etdiyim idi, alkotesterin göstəricisi ilə razıyam, həkimə getməyə ehtiyac yoxdur, söz verirəm bir daha belə halda maşın idarə etməyəcəyəm, İzahatı özüm yazdım, imza ilə təsdiq edirəm” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Şəxs tərəfindən verilmiş izahatda sərxoş olması etiraf edilməmiş və o, məhkəmə iclasında verdiyi izahatında az miqdarda spirtli içkini bir gün qabaq qəbul etdiyini bildirmiş, bununla da sərxoş olması barədə tərtib edilmiş protokola etiraz məzmununda izahat vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində Şəxs alkoqol sərxoşluğunun 0,715 promil olması (saat 08:17) aşkar edilmişdir. Şəxs sonradan saat 11:45-də Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə müraciət etmiş və müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onun qanında alkoqolun miqdarının 0,00 promil və ayıq olduğu aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş 17 may 2021-ci il tarixli, İXP ******* saylı protokol əsaslı olmamışdır. Belə ki, qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. İlkin olaraq alkotester adlanan aparatın göstəricisi 08:17-də, sonrakı müayinə isə 11:45-də keçirilmiş və belə olan halda hər iki müayinə arasındakı zaman kəsimi təxminən 3,5 saatdır. Oxşar inzibati xətalarla bağlı “Respublika Narkoloji Mərkəzi” X3 ünvanlanmış sorğulara göndərilmiş cavab məktublarında orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,20-0,30 promil təmizlənməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hər saatda alkoqolun miqdarı 0,20-0,30 promil aşağı düşürsə, o zaman Şəxs sonuncu müayinə zamanı qanında müəyyən qədər alkoqol göstəricisi (təxmini 0,400-0,700 aralığında) olmalı halda, 0,00 promil olmuşdur. Sonuncu müayinə zamanı Şəxs qanında alkoqolun aşkar edilməməsi hər saatda qanda alkoqolun miqdarının düşməsi ilə əlaqədardır. Burdan da müəyyən etmək olur ki, Şəxs izahatında qeyd etdiyi “dünən az miqdarda spirtli içki qəbul etmişəm” sözləri həqiqəti əks etdirir. İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Göründüyü kimi, YPX əməkdaşı tərəfindən 17 may 2021-ci il tarixdə, saat 08:17 radələrində sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olduğu halda, qanunvericiliyin həmin tələbi kobud surətdə pozularaq onların iştirakı təmin edilməmişdir. Bundan əlavə, “alkotester” adlanan aparatın sertifikatının olub-olmaması, olduğu halda hansı tarixdə qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sənəd YPX əməkdaşları tərəfindən əlavə edilmədiyindən, alkotesterin göstəricisini özündə əks etdirən sənəd mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, Şəxs sərxoş halda avtomobili idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-803/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-803/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver