Məhkəmə qərarları › İş №3(003)-807/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-807/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-807/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulmuş, azərbaycanlı, evli, Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xəzər rayon Polis İdarəsinin sahə inspektoru X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən 02:30 radələrində Amilin arvadının bacısı 102 xidmətinə zəng vuraraq Amilin içkili vəziyyətdə yaşadıqları evin həyətinə gələrək yüksək səslə qışqıraraq nəlayiq ifadələr işlətməsi barədə məlumat vermişdir. Məlumat əsasında əməliyyat-istintaq qrupu hadisə yerinə getmişdir. Hadisə yerinə gedən zaman evin yaxınlığında Amili görmüşlər və barəsində şikayət olduğundan onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Şəxs polis nəfərlərinə qarşı nəlayiq ifadələr işlədərək tabe olmamış və polis şöbəsinə getməkdən imtina etmişdir. Daha sonra məcburi qaydada polis şöbəsinə gətirilmişdir. Şəxs avtoyuma məntəqəsində işləyir və axşam evə gəldiyi zaman spirtli içki qəbul edir, arvadını narahat edir. İzahatında həmçinin bildirdi ki, həm polis əməkdaşlarına, həmdə arvadına qarşı söyüşlər söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, işdən çıxdıqdan sonra 4 bakal pivə alıb yolda içə-içə yaşadığı evə getmişdir. Evdə olan zaman arvadının olmadığını görmüş, telefon vasitəsilə arvadı Nurlanə onunla əlaqə saxlayaraq bildirmişdir ki, bacısı gildədirlər və onu ora çağırmışdır. Orada olan zaman spirtli içki qəbul etdiyinə görə arvadı və baldızı onu təhqir etmişlər. Orada qalacağı təqdirdə mübahisənin böyüyəcəyini görüb evdə qalmamış, çıxıb məcidin yanına gəlmiş, orada yolda avtobus gözləmişdir. Bu zaman polis əməkdaşları gəlmiş və onu üstündə axtarış aparmağa başlamışlar, o isə arxaya duraraq səbəbini soruşmuşdur. Bundan sonra polis əməkdaşları ona barəsində şikayət olduğunu bildirmişlər. Polis əməkdaşlarının gəldiyi maşına baxmış, maşında arvadını görmüşdür. Bundan sonra maşına əyləşərək polis şöbəsinə getmişdir. O, heç kimə qarşı söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş X3 ifadəsində bildirmişdir ki, Şəxs onun əridir. Gecə saat 02:00 olmuş, uşağın hərarəti yüksəldiyindən bacısının yaşadığı evə getmişdir. Saat 03:00-da Amil bacısıgilə gəlmişdir. İçkili olmuş, bir az danışdıqdan sonra çıxıb getmişdir. Bacısının oğlu Amil, onunla əlaqə saxlayaraq gəlib onları da aparmasını söyləmiş, o isə gəlməyəcəyini bildirmişdir. İzahatında həmçinin bildirdi ki, bacısı gildə olmaları barədə Amilə telefon vasitəsilə bacısı bildirmişdir. Amil bacısının evində olan zaman ondan nəyə görə telefon zənglərinə cavab verməməsi barədə soruşduqda Amil ona ölmüş anasının yanına getdiyini bildirərək onu təhqir etmişdir. Bundan sonra Amil oradan çıxıb getmişdir. Amil onu hər zaman döyüb söymüşdür. O, bu hallara uşaqlarına görə dözmüş, Amilin tərəfini tutmuşdur. Amil onu təhqir etdiyinə görə 102 xidmətinə zəng vurmuşdur. Polislər gələndə artıq Amil bacısı gildən getmişdir. O, polis əməkdaşları ilə birlikdə yaşadıqları evə gəlmişlər, Amil orada olmamışdır. Geri qayıtdıqda polis nəfərlərindən biri yolda dayanmış Amili tanımışdır. Bundan sonra o, avtomobildə qalmış, polis nəfərləri avtomobildən düşdükdən sonra bir müddət Amillə söhbət etmişlər, sonra Amillə birlikdə avtomobilə əyləşərək polis şöbəsinə getmişlər. Polis nəfərləri ilə Amilin mübahisə etdiyini görməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Binə qəsəbəsində YYS-də sərxoş halda uca səslə nəlayiq ifadələrlə ictimai yerdə polis qanuni tələblərinə tabe olmamış, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. - xx.xx.2024-cü il tarixli, 1/3553 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəklətlərin edilməsi barədə hər hansı bir sübut mövcud deyil. Onun özünün məhkəmə iclasında verdiyi izahatından və şahid ifadəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Binə qəsəbəsində yaşayan baldızının evində olmuş və orada olan arvadı X3 ilə spirtli içki qəbul etməsi səbəbindən mübahisələri olmuş və bu zaman arvadını təhqir etmişdir. Yəni baş vermiş bu hadisə ictimai yerdə deyil, evdə baş vermiş və həmin mübahisə məişət mübahisəsindən ibarət olmuşdur. Bundan başqa Şəxs tərəfindən polis əməkdaşlarına və ya başqa şəxslərə qarşı küçədə nəlayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək kimi hərəkətlərə yol verməsi iş materialları ilə sübut olunmamaqla məhkəmə iclasında da işdə iştirak edən şəxslərin izahat və şahid ifadəsi ilə müəyyən olunmur. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcud deyil. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olması da sübuta yetirilmir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polisin qanuni tələblərinə əməl etməməsi göstərilsə də, bu hal isə protokol tərtib etmiş şəxs tərəfindən izahatında polis əməkdaşlarının qanuni tələbləri əsasında polis şöbəsinə getməkdən imtina etməsi halı ilə əsaslandırılsa da, bu hal işin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən olunmur və bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar