Məhkəmə qərarları › İş №3(003)-808/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-808/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-808/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən 26 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 26 mart 2023-cü il tarixdə saat 01:50-də “Mersedes-Benz 290” minik markalı **-LJ-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı onun sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Bakı şəhər BPİ DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək özünü təqsirli bildi və göstərdi ki, 26 mart 2023-cü il tarixdə 3-4 spirtli içki olan araq içmiş və evə ayıq sürücü ilə getmişdir. Evlərinə bir az məsafə qalmış həmin sürücünü yola salmış və ona bundan sonra özüm gedərəm deyib sükan arxasına keçmiş və içkili halda maşını idarə etməyə başlamışdır. Təxminən saat 01:50-də qapılarının qarşısında polis əməkdaşları onu saxlayaraq alkotestr vasitəsilə yerində müayinə etmiş və sərxoş olduğu bəlli olmuşdur. Əməlindən peşmandır. Bir daha spirtli içki içdikdən sonra maşın idarə etməyəcəyinə söz verir. Bunun nəzərə alınaraqona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sərxoşluq vəziyyətinin müayinəsi barədə alkotesterin göstərişi barədə 26 mart 2023-cü il tarixli Arayışdan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,553 promil təşkil edir. İş materiallarında olan İnzibati xəta haqqında 26 mart 2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs həmin protokolda öz sözləri ilə bir daha içkili maşın sürməyəcəyini, protokolla razı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər RPİ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini tənbehi yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi barədə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər RPİ-nə göndərilsin. Qərardan 10 gün muddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar