Məhkəmə qərarları › İş №3(003)-809/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-809/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-809/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru Nümayəndə iştirakı ilə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin 04.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh edilməsinə dair Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən qəbul edilən 04.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun 04.04.2020-ci il tarixdə MN ******* saylı protokola əsasən 100 manat məbləğində cərimə edilməsi üçün əsas olmuş inzibati xəta protokoldan xəbəri olmamışdır.Təxminən 15 may 2021-ci il tarixndə icra məmuru tərəfindən ona cərimə edilməsi barədə məlumat verildikdən sonra xəbəri olmuşdur. Ona bildirilmişdir ki, Xəzər RPİnin 3-cü PB-nin əməkdaşı Nümayəndə onun barəsində qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə protokol tərtib etmişdir. O, bu barədə polis əməkdaşı Nümayəndə yaxınlaşıb soruşduqda, Nümayəndə ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Şikayətçi qeyd edir ki, o, qeyd edilən inzibati xətanı törətməmişdir. 2-ci qrup əlildir, həmçinin məcburi köçkündür Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən qəbul edilən 04.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru Nümayəndə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsaslı hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 04 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 04 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə göstərilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi barəsində 04 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən o, 100 manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli və həmin protokolda inzibati xətaya görə məsuliyyəti nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi göstərilməlidir. Göründüyü kimi hazırki iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Bununla da inzibati protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbi pozulmuşdur. Belə ki, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin 3 bəndi vardır. Hər bir bənd ayrı-ayrılıqda müxtəlif inzibati xətaların törədilməsinə görə inzibati məsuliyyət yaranmasını özündə ehtiva edir. Bu səbəbdən həmin bəndlərin dispozisiyaları və sanksiyaları da müxtəlifdir. Lakin inzibati protokol tərtib edilərkən bu xüsusiyyət nəzərə alınmamış və şikayətçinin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi konkret olaraq göstərilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən şəxs tərəfindən hər hansı bir inzibati xətanı tərəfindən törədilməsini sübut etmək vəzifəsi inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin inzibati qərarı qəbul etmiş orqan məhkəmə iclaslarında qeyd edilən inzibati xətanın B.Əzizov tərəfindən törədilməsini mötəbər sübutlarla sübut edə bilməmiş habelə verilmiş müvafiq sorğulara (xüsusi ilə şəxsin qeyd edilən qərarı hansı tarixdə rəsmi olaraq qəbul etməsi barədə) həmin orqan tərəfindən cavab verilməmişdir. Həmçinin sonuncu məhkəmə iclasında inzibati qərarı qəbul etmiş orqanın nümayəndəsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs B.Əzizovun həmin qərarı hansı tarixdə rəsmi olaraq qəbul etməsi barədə onlarda məlumatın olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən qəbul edilən 04.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə əsasən inzibati tənbeh edilməsinə dair Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən qəbul edilən 04.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar