Məhkəmə qərarları › İş №3(003)-818/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-818/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-818/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ölkə ərazisinə qol saatı gətirilmiş və sadələşdirilmiş qısa gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, gətirilmiş qol saatı orjinal “ROLEX” brendinə məxsus qol saatı deyil. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan protokol tərtib edilmişdir. İzahatında həmçinin bildirdi ki, Şəxs saatı şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, şəxsi istifadəsi üçün Çindən özü üçün almış, bəyəndiyini üçün almış, orijinal olmadığını bilmişdir. Hazırda özünü təqsirli bilmir. Belə ki, həmin qol saatını özü üçün gətirmiş, yalnız bir ədəd gətirmişdir. Həmçinin bildirdi ki, Binə ticarət mərkəzinə malların seçimində yardım xidməti ilə məşğul olur. Belə ki, müştəri ilə birlikdə Çinə gedir və geyim əşyalarının müştəri tərəfindən alındığını zaman həmin əşyaların seçimində müştəriyə yardım edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-00275/24 nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə 353 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən ölkə ərazisinə gətirilən 807 nömrəli AKT əsasında anbara yerləşdirilən və **********608 sorğu nömrəli sadələşdirilmiş gömrük bəyannaməsi üzrə bəyan edilən 1 ədəd “X5 DATE SUBMARİNER” markalı qol saatının orjinal olması və bu buna görə də gömrük dəyərinin düzgün göstərilməməsi şübhəsi yarandığından həmin qol saatı araşdırılma məqsədilə götürülmüşdür. Sözügedən qol saatının orjinallığının müəyyən edilməsi məqsədilə müvafiq mütəxəssis rəyinin verməsi üçün "xxxx" ММС-yə müraciət olunmuşdur. Həmin təşkilatdan daxil olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, vizual baxış nəticəsində təqdim olunmuş qol saatının orjinal olma ehtimalı şübhə doğurur, saatın qablaşdırılması “ROLEX” brendinin standartlarına cavab vermir, saatın görünüşü, çəkisi oxşar orjinal saatlardan fərqlidir, həmçinin saatın müxtəlif izli hissələrində “ROLEX” əmtəə nişanının həkk olunması kimi məhsulun orjinallığını sübut edən əlamətlər də mövcud deyil. Həmçinin faktla əlaqədar həmin malın dəyərinin müəyyən edilməsi və digər zəruri əhəmiyyət kəsb edən xüsusatların həlli üçün kompleks məhkəmə texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuş və müvafiq qərar qəbul edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Həmin qurumdan daxil olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-5/198- 6/9219/1237 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, həmin qol saatının xx.xx.2024-cü il tarixinə olan orta bazar dəyəri 550 manat təşkil edir. Şəxs tərəfindən ölkə ərazisinə gətirilən və dəyəri 550 manat təşkil edən qol saatının iş materiallarında olan mütəxəssis rəyinə əsasən “ROLEX” brendinin standartlarına cavab verməməsi və digər spesifikasiyası nəzərə alaraq qənaətə gəlinir ki, sonuncu tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İXM-in 448-ci maddəsinin tərkib əlamətləri vardır. Araşdırma çərçivəsində Şəxs izahatı alınaraq toplanan materiallara əlavə edilmişdir. Sonuncu izahatında bildirmişdir ki, o bazarda satıcı kimi işləyir, əsasən geyim əşyaları satır və bununla əlaqədar olara tez-tez Çinə səfər edir. Yenə də işlə əlaqədar olaraq Çinə getmiş, orada olarkən şəxsi istifadəsi üçün 1 ədəd “X5 DATE SUBMARİNER” markalı qol saatını almış, saata 150 ABŞ dolları pul xərcləmişdir. Nəticədə Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, üzərində “ROLEX” əmtəə nişanı olan 1 ədəd “OYSTER PERPETUAL DATE SUBMARİNER” qol saatının (qablaşmada) orijinal olma ehtimalı şübhə doğurur, belə ki, saatın qablaşdırılması “ROLEX” brendinin standartlarına cavab vermir. Saatın görünüşü, çəkisi oxşar orijinal saatlardan fərqlidir. Həmçinin, saatın müxtəlif gizli hissələrində “ROLEX” əmtəə nişanının həkk olunması kimi məhsulun orijinallığını subut edən əlamətlər də mövcud deyil. -Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/198- 6/9219/1237 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, internet saytları məlumatlarına əsasən təqdim edilmiş orjinal olmayan, anoloji saatlara uyğun, üzərində “X5 DATE” yazısı olan qol saatının xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti təxminən 550,00 manat müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 12-ci maddəsinə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsinin dispozisiyasına əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsi inzibati məsuliyyət yaradır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsi ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslində yerləşir. Bu fəsil özündə hər hansı bir sahibkarlıq fəaliyyətinin pozulması nəticəsində yaranan inzibati xətaları əhatə edir.Yəni hər hansı bir şəxsin qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün qeyd olunan saxta əşya onu öz istifadəsi üçün deyil, məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün, yəni ticarət məqsədi ilə ölkə ərazisinə idxal olunmalıdır. Hazırki iş materiallarından və məhkəmə iclasında müəyyən edilmiş hallardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çin Respublikasında səfərdə olarkən özünün şəxsi istifadəsi üçün üzərində “Rolex” brendinə məxsus nişanları olan qol saatı almış və gömrük orqanından keçərkən həmin qol saatını sadələşdirilmiş gömrük bəyannaməsi üzrə bəyan etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, həmin qol saatı orijinal deyil və bu səbəbdən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi səbəbi ilə protokol tərtib edilmişdir. Eyni zamanda həmin qol saatının orijinal olmayan saat kimi əldə olunduğu Şəxs özü tərəfindən də etiraf olunur. Bundan başqa işin hallarından görünür ki, Şəxs həmin qol saatını hər hansı bir sahibkarlıq fəaliyyəti ilə bağlı əldə edərək Azərbaycan Respublikasına gətirməmişdir. Həmin qol saatı özünün şəxsi istifadəsi üçün, yəni şəxsi əşya kimi Azərbaycan Respublikasına gətirmişdir. Bu halın isə məhkəmə hesab edir ki, ticarət qaydaları əleyhinə olan fəaliyyət kimi qəbul edilməsi qanuni hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsinin tərkib əlamətləri mövcud deyil və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərdən başqa həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinin müəyyən edilməsi nəticəsində belə həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən iş üzrə xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmiş, inzibati material isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmaqla hazırki qərarın çıxarıldığı tarixə kimi 4 ay müddət keçmiş olur. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki qərar qanuni qüvvəyə mindikdən sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan 1 ədəd “X5 Date Submariner” markalı qol saatı Şəxs qaytarılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Hazırki qərar qanuni qüvvəyə mindikdən sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan 1 ədəd “X5 Date Submariner” markalı qol saatı Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar