Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-836/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ******* ABŞ dolları məbləğində vəsaiti 19 mart 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ******* ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 20 mart 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və müdafiəçisi Vəkil izahatında göstərmişdir ki, 19 mart 2021ci il tarixdə təmsil etdiyi MMC tərəfindən ******* ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" ASC-nin vasitəsilə xaricə köçürülməsi və 2 il müddət keçsə də, ******* ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi əsası ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 11 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolu qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Şəxs MMC tərəfindən "xxxx" şirkətinə ünvanlanmış məktuba əsasən MMC 05 ədəd “B777F” model yeni təyyarələrin alınmasına dair niyyətini ifadə edərək hər hava gəmisinə görə 500000 ABŞ dolları olmaqla ümumilikdə ******* ABŞ dolları məbləğində depoziti təminat kimi "xxxx" şirkətinin hesabına köçürmüşdür. Şəxs MMC ilə "xxxx" şirkəti arasında 26 aprel 2021-ci il tarixli bağlanmış alqı-satqı müqaviləsinə əsasən 05 ədəd “B777F” model yeni hava gəmilərinin satın alınmasına dair razılığa gəlinmiş və müqavilənin şərtlərinə əsasən ******* ABŞ dolları məbləğində pul vəsaiti alış qiyməti üzrə ilkin ödənişin tərkib hissəsi kimi tərəflər arasında razılaşdırılaraq qəbul edilmişdir. “Valyuta tənzimi haqqında” AR Qanunun 1-ci maddəsinin 9-cu bəndinin “a” yarımbəndinə əsasən “malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşamaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi” “cari əməliyyatları”na aid edilmişdir. Halbuki həmin Qanunun 10-cu bəndinin “q” yarımbəndinə əsasən “malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması” “Kapital hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aid edilmişdir.” Müqaviləyə əsasən, tərəflər "xxxx" şirkəti tərəfindən verilmiş möhlətlərə əsasən, müqavilə üzrə ödənişlər Şəxs MMC tərəfindən hissə-hissə aparılacaq, öz növbəsində "xxxx" şirkəti isə 02 hava gəmisini 2023-cü ilin avqust və sentyabr aylarında, qalan hava gəmilərini müvafiq olaraq 2025-ci ilin iyul ayında, 2026-cı ilin noyabr ayında və 2027-ci ilin oktyabr ayında “Şəxs MMC-nin mülkiyyətinə verəcəkdir. Belə ki, müqavilə üzrə nəzərdə tutulmuş əməliyyatlar kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aid edilməlidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan rezidentlər tərəfindən AR Mərkəzi Bankının müəyyən etdiyi qaydada aparılır. AR Mərkəzi Bankının 45/1 saylı 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.13-cü maddəsində rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin müvafiq təsdiqedici sənədlər əsasında kapitalın hərəkəti ilə bağlı aparılan valyuta əməliyyatlarının normativ tənzimlənməsi nəzərdə tutulmuşdur. İnzibati protokol tərtib edilən zaman həmin hala münasibətdə xüsusi əhəmiyyət kəsb edən faktlar öyrənilməmiş və Şəxs MMC-nin təqsirli olub-olmaması faktı tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Əlavə olaraq nəzərə alınmalı idi ki, ödənilmiş valyuta vəsaitinin müqabilində sifariş edilmiş hava gəmilərinin hansı hissəsinin və ümumiyyətlə, həmin hərəkətin mümkünlüyü də müəyyən olunmalı idi. Həmçinin xx.xx.2023-cü il tarixdə inzibati xəta haqında protokol tərtib olunarkən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bir sıra maddi və prosessual normaları pozulmuşdur. Belə ki, sözügedən protokolda xətanın törədildiyi tarix xx.xx.2023-cü il olsa da, lakin protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Bununla da AR İXM-nin 101 və 102-ci maddələrində nəzərdə tutulmuş prosessual müddətlər pozulmuşdur. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan dəfələrlə xəbərdar olunmasına baxmayaraq, həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim olunmuş 31 mart 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də müştəri olan Şəxs vəsaitini bank hesablarından müvafiq rekvizitlər üzrə köçürmüşdür. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş məlumatdan görünür ki, Şəxs tərəfindən 19 mart 2021-ci il tarixdə köçürülmüş ******* ABŞ dolları məbləğində rezident bəyan olunmamışdır. İş materiallarında olan "xxxx" şirkəti ilə Şəxs arasında bağlanılmış PA-05117 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" şirkəti təhcizat müqaviləsinin cədvəlində sadalanan miqdarda (5 ədəd) əlavə A-da təsvir edilən konfiqurasiyaya uyğun gələn 777-F model təyyarəsini istehsal etməyi və təhvil verməyi üzərinə götürmüşdür. Həmin müqavilədən görünür ki, "xxxx" şirkəti hər bir təyyarə üçün cədvəl 1-də göstərilən depozit alınmasını təsdiq edir. Həmin müqavilədən görünür ki, "xxxx" şirkəti qeyd edilən 5 ədəd 777-F model təyyarəsini müvafiq olaraq 2023-cü ilin avqust və sentyabr, 2025-ci ilin iyul, 2026-cı ilin noyabr və 2027-ci ilin oktyabr aylarında təhvil verməyi üzərinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız iki halla yol verilir; qanunla müəyyən edilmişdirsə və ya ictimai maraq kəsb edirsə. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X1 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Göründüyü kimi, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Azərbaycan Respublikasının Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmin Qaydaların 4.4-cü bəndindən görünür ki, Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılır. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. İşin müəyyən edilmiş hallarından görünür ki, Şəxs MMC ******* ABŞ dolları məbləğində vəsaiti 19 mart 2021-ci il tarixdə xaricə köçürmüşdür. Şəxs tərəfindən ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, köçürülmüş ******* ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim edilmədiyindən inzibati orqan tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, tərəflər "xxxx" şirkəti tərəfindən verilmiş möhlətlərə əsasən, müqavilə üzrə ödənişlər Şəxs MMC tərəfindən hissə-hissə aparılacaq, öz növbəsində "xxxx" şirkəti isə 02 hava gəmisini 2023cü ilin avqust və sentyabr aylarında, qalan hava gəmilərini müvafiq olaraq 2025-ci ilin iyul ayında, 2026-cı ilin noyabr ayında və 2027-ci ilin oktyabr ayında Şəxs MMC-nin mülkiyyətinə verəcəkdir. Belə ki, müqavilə üzrə nəzərdə tutulmuş əməliyyatlar kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aid edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış PA-05117 saylı alqı-satqı müqaviləsinə əsasən Şəxs tərəfindən ******* ABŞ dolları məbləğində "xxxx" şirkətinin hesabına köçürülmüş, öz növbəsində "xxxx" şirkəti isə 05 hava gəmisini 5 ədəd 777-F model təyyarəsini müvafiq olaraq 2023-cü ilin avqust və sentyabr, 2025-ci ilin iyul, 2026-cı ilin noyabr və 2027-ci ilin oktyabr aylarında təhvil verməyi üzərinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən "xxxx" şirkəti hər bir təyyarə üçün cədvəl 1-də göstərilən məbləğdə depozit almasını təsdiq etmişdir. Belə ki, işin hallarından göründüyü kimi Şəxs onun tərəfindən 19 mart 2021-ci il tarixdə xaricə köçürmüş ******* ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) ölkəyə idxal edilməsi ilə bağlı prosedurların həyata keçirilməsinin gecikdirilməsi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İş materiallarından və müqavilənin şərtlərindən göründüyü kimi bir təyyarənin hazırlanıb təhvil verilməsi iki ildən çox müddət tələb edir. Hazırki müqavilədən görünür ki, icraçı şirkət ilk təyyarəni barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə 2023-cü ilin avqust ayında yəni ilk ödəniş edilən tarixdən iki il beş ay sonra təhvil verməli idi. Deməli bir təyyarənin hazırlanması üçün iki ildən çox vaxt lazımdır. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına əsasən müəyyən edilmiş müddətlərdə (yəni iki il müddətində) işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, təyyarə sifariş edən şəxs hər bir halda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərini pozmuş olur. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə və iş materillarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-836/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-836/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver