Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-840/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin icra məmuru X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1890/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1890/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borca görə 16000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 138.0 manat pul və ümumilikdə 16138 manat məbləğində pul tutularaq X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədlərinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclu Şəxs izahatı alınmışdır. İzahatında borc məbləğlərinin hissə-hissə olmaqla ödəniş edəcəyini qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o icra sənədlərinin icrasında yayınmır. Hissə-hissə olsada bütün borclarını ödəyəcəkdir. Buna görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X5 bildirdi ki, o, borcunun ödənilməsini tələb edir, əks halda barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1890/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borca görə 16000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 138.0 manat pul və ümumilikdə 16138 manat məbləğində pul tutularaq X4 xeyrinə ödənilməsi qərara alınmışdır. -İcra sənədi xx.xx.2024-cü il tarixlərdə şöbənin icraatına daxil olmuş və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. Beləliklə, məhkəmə icra məmurunu və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir: “Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs Calal oğlu “X9” MMC-nin direktoru vəzifəsində işləyir və aylı olaraq 400 manat məbləğində əmək haqqı alır. Buna baxmayaraq icra məmuru tərəfindən Şəxs Calal oğlunun əmək haqqısı icra vərəqəsi üzrə olan borcuna yönəldilməmişdir. Halbu ki, icra sənədi üzrə olan borc Şəxs Calal oğlunun əmək haqqısına yönəldilərək borc məbləğindən tutulmalar aparılmalı idi. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Beləliklə məhkəmə hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Anar Səfərovun bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1890/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-840/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-840/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver