Məhkəmə qərarları › İş №3(003)-841/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-841/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-841/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Nizami Rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Hüquq Şöbəsinin müdiri X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhərin Nizami Rayon Prokuroru baş ədliyyə müşaviri X8 tərəfindən hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi X4 2025-ci ilin fevral ayının sonlarında 10 gün müddətində Şəxs QSC-nin ünvan 1 ünvanında fəaliyyət göstərərkən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı göstərilmiş və bununlada hüquqi şəxs Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon prokurorunun köməkçisi X6 inzibati xəta haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs QSC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vətəndaş X3 müvafiq işlərin yerinə yetirilməsi üçün işə cəlb edildiyindən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsinə əsasən 28 aprel 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin o, qeyd etmişdir ki, hüquqi şəxsin direktoru tərəfindən Nizami Rayon prokurorluğuna ünvanlanmış məktubunda X3 onun sözügedən müəssisədə heç bir vəzifə tutmaması göstərilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs QSC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Hüquq Şöbəsinin müdiri X5 hüquqi şəxsin barəsində olan qərara etiraz edərək bildirmişdir ki, Şəxs QSC-yə bu günədək çoxlu sayda işçilər işə qəbul olunmuş və işdən azad olmuşlar. Bu halı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən rahatlıqla görmək mümkündür. Müəssisədə çalışan işçilərin əmək haqları və digər icbari ödənişləri vaxtlıvaxtında tam həcmdə ödənilir. Cari ilin mart ayında müəssisəyə Nizami Rayon Prokurorluğundan məktub daxil olmuşdur ki, vətəndaş X7 onların müəssisəsində işləmişdir və onunla əmək müqaviləsi bağlanmamışdır. Həmin hal tərəflərindən dərhal araşdırılmışdır və nəticəsi barədə Nizami Rayon Prokurorluğuna cavab verilmişdir. Lakin, buna baxmayaraq hesab edir ki, tərtib edilmiş hallar araşdırılmadan əsassız olaraq 28 aprel 2025-ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun qərar qəbul etmişlər. Beləliklə, onlar hüquqi şəxs Şəxs QSC tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Hesab edir ki, tərtib edilmiş qərar əsassızdır. Belə ki, məsələdən heç Kurort QSC-nin məlumatı olmayıb, prokurorluqdan bu barədə məlumat gəldikdə bu məsələni aydınlaşdırmaq üçün işçini dəvət edib izahatı alınmış və müəyyən edilmişdir ki, işçi rəhbərliyin məlumatı və icazəsi olmadan öz atasını onu əvəz etməyə işə çıxartmışdır. Bu səbəbdən həmin işçi barəsində rəhbərlik tərəfindən şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, Şəxs QSC-də gözətçi kimi işə qəbul olunmuşdur, onunla əmək müqaviləsi bağlanmışdır. O, qaynatası ilə birgə Kurort QSC-də işləyirdilər. Qaynatası vəfat etdiyindən başı yas işlərinə qarışdığından o bununla bağlı işə gələ bilməmiş və atasından onun yerinə işə çıxmasını xahiş etmişdir. Rəhbərliyə bu barədə xəbər verməmişdir. 2025-ci ilin fevral ayının sonlarında atası İsa Süleymanovun iş yerində onu əvəz etmişdir. Daha sonra araşdırma aparılaraq və ona şiddətli töhmət verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, Şəxs MMC-də heç bir vəzifədə işləməyib, sadəcə mühafizəçi vəzifəsində işləyən oğlunu 3-4 günlük əvəz etmişdir. Bunun barəsində heç kimə məlumat verilməmiş və onlardan başqa heçkimin xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda X3 2025-ci ilin fevral ayının sonlarında 10 gün müddətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunsa da, bu fakt məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə müəyyən olunur ki, X7 tərəfindən oğlu Emil Süleymanovun yerinə Kurort QSC-yə məxsus tikilidə gözətçi kimi çıxması məlumatı Kurort QSC-yə verilməmiş buna dair həmin hüquqi şəxsin xəbərinin olmasını təsdiq edən sübut iş üzrə müəyyən edilməmişdir. Əksinə iş üzrə müəyyən olumuşdur ki, prokurorluq tərəfindən araşdırma aparılmış və barədə Şəxs QSC-yə məlumat verildikdən sonra həmin QSC tərəfindən işçi Emil Süleymanovun xəbərsiz öz yerinə başqa şəxsi çıxartması nəticəsində sonuncu barədə “Şiddətli töhmət” tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Bakı şəhəri Nizami Rayon Prokuroru baş ədliyyə müşaviri X8 tərəfindən hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Bakı şəhəri Nizami Rayon Prokuroru baş ədliyyə müşaviri X8 tərəfindən hüquqi şəxs Şəxs QSC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından hüquqi şəxs Şəxs QSC-nin barəsində əsassız olaraq 28 aprel 2025-ci il tarixli qərar qəbul edilmişdir İXM-nin 192.1-ci maddəsinin dispoziyasından göründüyü kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın tərkibi işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi (harada işləməsi deyil) anlayışını ehtiva edir. Hazırki işdə inzibati icraatı aparmış orqan Bakı şəhəri Nizami Rayon prokurorluğu məhz yuxarıda qeyd olunan şəxsin orada olmasını əsas götürərək Azərbaycan Respublikası İXM-nin 192.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və "xxxx" QSC barəsində əsassız inzibati xəta haqqında qərar tərtib etmişdir. Halbuki, adı çəkilən şəxs məhkəmədə şahid qismində ifadə verərək bu məsələyə tam aydınlıq gətirmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdə qeyd olunan X3 "xxxx" QSC-də işləməsi məhkəmədə ümumiyyətlə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Bakı şəhəri Nizami Rayon prokurorluğunun üzərinə düşür. Qeyd edilən orqan Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən iş materiallarına əlavə edilmiş sənədlərə istinad etmişdir ki, həmin hallar məhkəmə iclasında verilən şahid ifadələri ilə təkzib olunur. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Nizami Rayon prokurorluğu tərəfindən MMCdə işləyib işləməməsini təsdiq edə biləcək digər sübutlar toplanılmadan, ümumiyyətlə bu istiqamətdə hərəkətsizlik göstərilməklə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə işəgötürən Şəxs QSC ilə X7 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Nizami Rayon prokurorunun işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs QSC barəsində əsassız inzibati xəta haqqında qərar tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X7 ilə Şəxs QSC arasında əmək münasibətlərinin mövcud olması sübuta yetmədiyindən QSC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmir və tərtib edilmiş inzibati protokol əsasında qeyd edilən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Şəxs QSC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən, məhkəmə hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında qərar üzrə başlanmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə protest verilə bilər.

Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar