Məhkəmə qərarları › İş №3(003)-847/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-847/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-847/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “S Studio” reklam şirkətində layihə rəhbəri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri BPİ X3 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis sıravisi X1 tərəfindən 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 may 2021-ci il tarixdə “Toyota Yaris” minik markalı “**-KP-***” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 20 may 2021-ci il tarixdə avtomobili Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində hərəkətdə olarkən heç bir qanun pozuntusuna yol vermədiyi halda X3inin əməkdaşları tərəfindən saxlanılaraq alkoqollu içki qəbul edib-etməsi soruşulmuş, o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onun içkili olub-olmasını yoxlamaq üçün “alkotester” adlanan aparata üfürməsini tələb etmiş və o, həmin aparata nəfəsini verdikdən sonra polis əməkdaşı onun içkili olduğunu və alkoqolun 1,790 promil (saat 09:19) olduğunu demişdir. Vəziyyəti belə gördükdə, o, polis əməkdaşına həkimə gedib tibbi müayinədən keçmək istədiyini bildirmişdir. Polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. 20 may 2021-ci il tarixli izahatı yol polisi əməkdaşının təkidi və diktəsi ilə yazılmışdır. Polis əməkdaşından izahatında nə yazmasını soruşduqda bildirmişdir ki, “Alkotestrin göstəricisiynən tanış oldum, 1,790 promil bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyəm. Peşmanam, tibbi müayinəyə getməyə ehtiyac yoxdu. Səmimi etiraf edirəm” yazsın. Az sonra o, işinin həll edilməsi yox, əksinə, aldadılaraq izahat yazılmasının başa düşmüş, lakin artıq gec olmuşdur. Bundan bir qədər sonra özü Respublika Narkoloji Mərkəzinə yaxınlaşaraq sərxoşluq müayinəsi aparılmasını xahiş etmişdir. Həkim tərəfindən 20 may 2021-ci il tarixdə saat 10:50 radələrində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının faizi 0,00 promilli və ayıq olması aşkar olunmuş və 1/745 saylı protokolla rəsmiləşdirilmişdir. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir. Etiraf formada izahat yazdığı üçün səhv etmişdir, buna görə də barəsində cərimə növündə tənbeh edilməsinə etiraz etmir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 20 may 2021-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğunun 1,790 promil olması (saat 09:19) aşkar edilmişdir. İş materiallarında olan 20 may 2021-ci il tarixli, 1/745 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 10:50) aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 28 fevral 2021-ci il tarixdə tarixdə 20 may 2021-ci il tarixdə “Toyota Yaris” minik markalı “**-KP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsində hərəkətdə olarkən saxlanılmış, onun içkili olub-olmamağı “alkotester” adlanan aparatla yoxlanılmış, yoxlama zamanı sərxoş halda avtomobili idarə etməsi məlum olmuşdur. Bundan sonra, Şəxs protokola “Alkotestrin göstəricisiynən tanış oldum, 1,790, bir daha spirtli içki qəbul edib maşın sürməyəcəm. Peşmanam, tibbi müayinəyə getməyə ehtiyac yoxdu. Səmimi etiraf edirəm” sözlərini qeyd etmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs sonradan saat 10:50-də Səhiiyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə müraciət etmiş və müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onun sərxoşluğu 0,00 promil və ayıq olması aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş 20 may 2020-ci il tarixli, İXP ******* saylı protokol əsaslıdır. Belə ki, sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində Şəxs sərxoş olması müəyyən edilmişdir. Eyni zamanda Şəxs özü içkili olduğunu etiraf edərək izahat yazmışdır. Qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, ilk müayinə 09:19-da, sonrakı müayinə isə 10:50-də keçirilmişdir. Sonuncu müayinə zamanı Şəxs qanında alkoqolun aşkar edilməməsi hər saatda qanda alkoqolun miqdarının düşməsi ilə əlaqədardır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X3 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsulliyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati xətanın sərxoş vəziyyətdə törədilməsi Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin dispozisiyasında tövsifedici əlamət kimi nəzərdə tutulduğundan Şəxs sərxoş halda inzibati xəta törətməsini məhkəmə məsuliyyəti ağırlaşdıran hal hesab etmir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X3 İdarəsinə göndərilsin. Qərardan 10 gün muddətinə Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar