Məhkəmə qərarları › İş №3(003)-857/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-857/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-857/2021 14.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Akif Həsənovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 18 oktyabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 14 iyun 2021-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis Akif Həsənov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən Şəxs xırda talama, yəni 01 may 2021-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Spartak” düşərgəsində yerləşən ümumi binanın girişindən 270 (iki yüz yetmiş) manat dəyərində 01 ədəd velisopedi oğurlayaraq özgəsinin əmlakını talamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Akif Həsənov tərəfindən tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər də oğurluq etdiyinə görə 2013-cü və 2017-ci illərdə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum edilmiş, 2020-ci ildə azadlığa çıxmışdır. Maddi vəziyyəti çətin olduğundan yenə də oğurluq etmək qərarına gəlmiş və 01 may 2021-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Spartak” düşərgəsində yerləşən ümumi binanın girişindən X1 məxsus 270 (iki yüz yetmiş) dəyərində 01 ədəd velisopedi oğurlayaraq özgəsinin əmlakını talamışdır. Həmin velosipedi Binə qəsəbəsində tanımadığı şəxsə 55 (əlli beş) manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 12 iyun 2021-ci il tarixli AZA 011234 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 12 iyun 2021-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 12 iyun 2021-ci il tarixdə saat 23:30dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 18 oktyabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 12 iyun 2021-ci il tarixdə saat 23:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar