Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-863/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493 və 497-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı ünvan 1**********) tərəfindən 88400 manat gömrük dəyəri olan 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü 17 oktyabr 2019-cu il tarixli **********6451 sorğu nömrəli gömrük bəyannaməsi ilə 17 oktyabr 2020-ci il tarixədək xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək Çin Xalq Respublikasının “X1 Laser Co. LTD” şirkətinə göndərilmişdir. Şəxs MMC tərəfindən 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü 21 aprel 2020-ci il tarixdə gömrük ərazisinə qaytarılaraq Bakı Kargo Terminalında yerləşdirilmişdir. Lakin gömrük bəyannaməsi təqdim olunmadığına görə yük müvafiq gömrük proseduru altında yerləşdirilməmiş və sonradan yükün xaricdə emal müddəti 17 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Həmin müddət başa çatmasına baxmayaraq mallar bəyan olunaraq sərbəst dövriyyəyə buraxılmamışdır. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493 və 497-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 00800-0291/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 3(003)-1798/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493 və 497-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilimiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş 88400 manat dəyərində olan malların 30 (otuz) faizi yəni 26520 (iyirmi altı min beş yüz iyirmi) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(003)-314/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ilə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 3(003)-1798/2022 saylı, 28 dekabr 2022ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 qeyd etmişdir ki, 88400 manat dəyərində 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü 28 fevral 2019-cu il tarixdə bəyan edilmişdir. Lakin hər iki cihaz aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 17 oktyabr 2019-cu il tarixli gömrük bəyannaməsi ilə 17 oktyabr 2020-ci il tarixədək qaytarmaq şərti ilə Çin Xalq Respublikasının “X1 Laser Co. LTD” şirkətinə göndərilmişdir. 19 aprel 2020-ci il tarixdə həmin cihazlar Azərbaycan Respublikasına qaytarılmışdır. Lakin logistika şirkətinə borcları olduğu üçün malın bəyan edilməsi üçün sənədləri onlara verməmiş və cihazları sərbəst zonada Bakı Kargo Terminalında yerləşdirilmişdir. 01 dekabr 2021-ci il tarixdə logistika şirkətinə olan borcları ödədiklərinə görə cizahlarla bağlı sənədlər onlara verilmişdir. Lakin bundan sonra pulları olmadığına görə karqo şirkətinə malların saxlanması üçün ödəniş edə bilməmişlər və 15 noyabr 2022-ci il tarixə 15908 manat borcları vardır. Buna görə də, onların müraciətinə əsasən yükün xaricdə emal müddəti 17 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Ancaq müddət başa çatmasına baxmayaraq həmin cihazları götürə və qanunla müəyyən olunmuş müddət ərzində bəyan edə bilməmişlər. Lakin "xxxx" MMC-nin tərəfindən malların emal edilməsi qaydası pozulmamışdır. Belə ki, “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2014-cü il tarixli, 34 nömrəli qərarının 2.1.1-ci bəndinə əsasən emal əməliyyatları – quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da, daxil olmaqla malın hazırlanması, malın emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunmasıdır. Yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ölkə ərazisinə geri qaytarılmayan mallara aiddir, "xxxx" MMC-nə göndərilmiş 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü ölkədə olduğu üçün həmin maddənin tərkibini yaratmır. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsi ilə inzibati xətanın baş verməsi faktı məhkəmə iclasında öz təsdiqini tapmır, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 28 fevral 2019-cu il tarixli, **********1685 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “X1 Laser Co. LTD” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş 52000 ABŞ dolları məbləğində 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü bəyan edilmişdir. İş materiallarında olan 17 oktyabr 2019-cu il tarixli, **********6451 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən “X1 Laser Co. LTD” şirkətinin ünvanına göndərilmiş 52000 ABŞ dolları məbləğində 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü bəyan edilmişdir. Məhkəmə hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Həmin Məcəllənin 149.6-cı maddəsinə əsasən gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir. Göründüyü kimi Şəxs MMC tərəfindən 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü 21 aprel 2020-ci il tarixdə gömrük ərazisinə qaytarılaraq Bakı Kargo Terminalında yerləşdirilmişdir. Lakin gömrük bəyannaməsi təqdim olunmadığına görə yük müvafiq gömrük proseduru altında yerləşdirilməmiş və sonradan yükün xaricdə emal müddəti 17 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 169.1-ci maddəsinə əsasən tranzit xüsusi gömrük prosedurundan və bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Həmin Məcəllənin 200.4-cü maddəsinə əsasən gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 06 fevral 2014-cü il tarixli, 34 saylı qərarının 2.1.1-ci maddəsinə əsasən emal əməliyyatları — quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunmasıdır. Həmin qərarın 2.1.6-cı maddəsinə əsasən xaricdə emal — gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük prosedurudur. Həmin qərarın 3.1-ci maddəsinə əsasən xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları bu Qaydaların 9-cu hissəsində göstərilən hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin dispozisiyasına əsasən malların emal edilməsi qaydasının pozulması həmin maddənin tərkibini yaradır. Lakin iş materillarından, həmçinin barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, Şəxs MMC tərəfindən “X1 Laser Co. LTD” şirkətinin ünvanına göndərilmiş 52000 ABŞ dolları məbləğində 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü bəyan edilmiş və Şəxs MMC tərəfindən 2 ədəd “tibb sahəsində istifadə olunan cihaz” yükü xx.xx.2020-ci il tarixdə gömrük ərazisinə qaytarılaraq Bakı Karqo Terminalına yerləşdirilmiş, lakin gömrük bəyannaməsi təqdim olunmadığına görə yük müvafiq gömrük proseduru altında yerləşdirilməmiş və sonradan yükün xaricdə emal müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və həmin müddət başa çatdıqda Şəxs MMC tərəfindən yük ilə bağlı gömrük bəyannaməsi təqdim olunmamışdır. Göründüyü kimi yük gömrük ərazisində qaytarılmış, lakin gömrük bəyannaməsi təqdim edilməmişdir. Hazırki iş materiallarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən malların emal edilməsi qaydasının hansı hallarda pozulması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 300 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-863/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-863/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver