Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-870/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonunun Qubadlı şəhərində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz evdə yaşayan Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 09 iyun 2022-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X8 oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edilmişdir. Protokola əsasən Şəxs xırda talama, yəni 07 iyun 2022-ci il tarixə günorta radələrində X3 məxsus Xəzər rayonu Binə qəsəbəsi X4 yerləşən yarımtikili evdən 25 manat dəyərində, 10 metr ölçüdə elektrik naqillərini oğurlayaraq özgəsinin əmlakını talamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X8 protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, təxminən 5 ilə yaxındır ki, Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu ərazisində 2 daş üzərində bir mərtəbəli 2 otaqdan ibarət ev tikmiş, lakin maddi imkanı olmadığından təmir işlərini hissə-hissə aparmışdır. 07 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində sözügedən yarımtikiliyə gəlmiş və təmir işləri üçün tikinti materialları bitdiyindən qapıları bağlayıb material almağa getmişdir. Təxminən bir saat sonra qayıtdıqda evin plastik materialdan olan ön pəncərəsini açma yolu ilə evə daxil olaraq elektrik naqillərinin oğurlanmasını aşkar etmişdir. Bununla bağlı Xəzər RPİ 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, lakin bu, hazırda onun üçün o qədər də əhəmiyyətli deyildir, çünki, parnikdə ağır iş şəraitində işləyərək qəpik-qəpik yığdığı pulların hesabına özünə tikdiyi evə məhz belə adamların ucbatından köçə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmaq fikri yoxdur, buna görə də həmin şəxsə müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 07 iyun 2022-ci il tarixdə Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən yarımtikiliyə girərək 25 manat dəyərində, 10 metr ölçüdə elektrik naqillərini oğurlayaraq özgəsinin əmlakını talamışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və inzibati xəta haqqında protokollarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 07 iyun 2022-ci il tarixdə saat 00:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 07 iyun 2022-ci il tarixdə saat 00:40dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonunun Qubadlı şəhərində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 07 iyun 2022-ci il tarixdə saat 00:40-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-870/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-870/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver