Məhkəmə qərarları › İş №3(003)-894/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-894/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-894/2021 24.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PB) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 24 iyun 2021-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X5 izahatında göstərdi ki, 14 iyun 2021-ci il tarixdə Binə qəsəbəsi Bakavtomat yolu kanalın üstü adlanan ərazidə yaşayan X1 İşlər Nazirliyinin “102” zəng mərkəzinə zəng edərək qaynatası Əliyusif tərəfindən döyüldüyünü və əri İlqar tərəfindən bıçaqla hədələnməsini bildirmişdir. Araşdırılma zamanı İlqar Şəxs izahat verməkdən yayınmış, bu səbəbdən onun yerinin müəyyən edilib izahatının alınması, onun narkotik vasitə aludəçisi olub-olmamasının yoxlanılması məqsədi ilə aidiyyəti xidmət əməkdaşlarına tapşırıq verilmiş, 23 iyun 2021-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən Şəxs saxlanılan zaman polis əməkdaşları ilə mübahisə etmiş, ünvansız söyüşlər söyərək özünü qeyri-etik aparmaqla ictimai qaydanı pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, X6 ilə ailə qurmuş, birgə nikahlarından üç az yaşlı uşaqları vardır. 15 iyun 2021-ci il tarixdə, saat 03:00 radələrində yaşadığı evdə olan arvadı Aygül ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Aygülü bıçaqla hədələmiş, onun ünvanına nalayiq ifadələr söyləmişdir. 23 iyun 2021-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları ilə mübahisə etmiş, ünvansız söyüşlər söyərək özünü qeyri-etik aparmaqla ictimai qaydanı pozmuşdur. Hazırda əməlindən peşmandır, çünki belə bir mübahisənin baş verməsini istəməmiş və bunu arzulamamışdır. Bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə tənbehi yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar